Bu gün boks üzrə dünya Olimpiya təsnifat turnirində yarımfinal döyüşləri keçiriləcək
Bakıda boks üzrə dünya Olimpiya təsnifat turnirində bu gün yarımfinal döyüşləri keçiriləcək.

Azərbaycan millisinin iki üzvü də axşam proqramında rinqə çıxacaq.

Yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Rüfət Hüseynov qələbə qazanacağı təqdirdə, “Rio-2016” lisenziyasını təmin edəcək. R.Hüseynov üçün yarımfinal döyüşü xüsusi əhəmiyyət kəsb edir. Meksikalı Xoselito Velaskes Altamirano ilə qarşılaşacaq boksçumuz mütləq rəqibindən üstün olmalıdır. Çünki bu çəki dərəcəsində yalnız finalçılar “Rio-2016”da iştirak hüququnu əldə edəcəklər.

“Rio-2016”ya lisenziya qazanan Teymur Məmmədov (81 kq) üçün isə bugünkü döyüş formal xarakter daşıyacaq. T.Məmmədov rusiyalı Pyotr Xamukovla üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün yığmamızın digər idmançısı Kamran Şahsuvarlı (75 kq) dörddəbir finalda uduzsa da, lisenziya şansını saxlayır.

Xəbər 731 dəfə oxundu.