İdman atıcılığı üzrə Dünya Kuboku mərhələsində 80 ölkədən 640 idmançı iştirak edir
Azərbaycan paytaxtında güllə və stend atıcılığı üzrə Dünya Kubokunun dördüncü mərhələsi keçirilir. Birgə mərhələ həm güllə atıcılığı, həm də stend atıcılığı təmrinlərini əhatə edir.

Dünya Kubokunun Bakı mərhələsində 15 dəst mükafat uğrunda mübarizə gedəcək: güllə atıcılığında 10 dəst və stend atıcılığında 5 dəst. Bu mükafatlar uğrunda 80 ölkədən 640 atıcı mübarizə aparır. Yarışlar bütün beynəlxalq standartlara cavab verən Bakı Atıcılıq Məktəbində keçirilir.

Qaliblərin və mükafatçıların adları ayın sonunda məlum olacaq. Bakı mərhələsi Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları ərəfəsində sonuncu rəsmi start olacaq.

Azərbaycan Atıcılıq Federasiyası tərəfindən təşkil edilmiş yarışlar Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, habelə “Qəbələ” atıcılıq klubunun dəstəyi ilə keçirilir.

Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku dünya reytinqində xüsusi yer tutur. 2016-cı il üçün Beynəlxalq Atıcılıq Federasiyasının idman təqvimində bu yarışlar ən geniş miqyaslı tədbirlərdən biridir.

Dünya Kubokunun builki yekun mərhələsi isə sentyabrın 16-dan 23-dək keçiriləcək. “Gabala Shooting Club”un ev sahibliyi edəcəyi həmin mərhələdə həm güllə atıcıları, həm də stend atıcıları qüvvələrini sınayacaqlar.

Çin nümayəndəsi 18 yaşlı Yanq Kun Pi turnirin ən gənc iştirakçısıdir. Dünya Kuboku bu idmançının karyerasında ilk mühüm startdır. Bununla belə, Yanq Kun Pi medallar uğrunda mübarizə apara biləcəyinə əmindir.

Qeyd edək ki, kubok yarışları iyunun 20-dən 29-dək Beynəlxalq Atıcılıq Federasiyasının “ISSF ТV” rəsmi televiziya kanalında birbaşa efirdə bütün dünyaya translyasiya edilir.

Yarışların rəsmi sponsorları Azərbaycan Atıcılıq Federasiyası, Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi, habelə “Gabala Shooting Club” klubu, “Gilan Construction & Development”, “Qafqaz.net”, “Milla” , “Fiji water”, “Aztexnika”, “Qatar Airways” və “Beretta” şirkətləridir.

Xəbər 1096 dəfə oxundu.