Stolüstü tennis üzrə “Olimpiya ümidləri” respublika turnirinə start verilib
İyunun 22-də “Şüa” İdman–Sağlamlıq Kompleksində Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında “Olimpiya ümidləri” respublika turnirinə start verilib.

150-ə yaxın idmançının iştirak etdiyi yarışın keçirilməsində məqsəd federasiya ilə müqavilə bağlamış məşqçilərin işinin, onların yetirmələrinin səviyyələrinin yoxlanılmasıdır. Turnir şəxsi xarakter daşıyır, dairəvi sistem üzrə və Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun keçirilir.

Turnirin açılışında çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışaraq deyib: “Bu gün Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da yüksək səviyyədə ev sahibliyi edir. Birinci Avropa Oyunlarından sonra Formula-1 Avropa Qran-prisi kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu bir daha təsdiqləyir. Gələn il Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək”. Natiq son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıb.

İyunun 25-də yekun vurulacaq yarışın qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Turnir çərçivəsində Beynəlxalq Stolüstü Tennis Federasiyasının və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş seminarda iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub. Üç dərəcədən ibarət olan bu sertifikatların birincisini qazanmış Azərbaycan məşqçiləri beynəlxalq federasiyasının məşqçilər siyahısına daxil edilib.

Xəbər 773 dəfə oxundu.