Fiziki tərbiyənin əhəmiyyəti
İnsanın özünü, öz maddi və mənəvi potensialını maksimum reallaşdıra bilməsi üçün ona, ilk növbədə, fiziki sağlamlıq lazımdır. Məşhur “sağlam bədəndə sağlam ruh olar" kəlamı da təsadüfən yaranmamışdır. Doğrudur, fiziki sağlamlıq mənəvi sağlamlıq üçün hələ kifayət deyil. Lakin bu şərt kafi olmasa da, zəruridir. Lakin nədənsə, sağlam ruhun da öz növbəsində bədən sağlamlığı üçün şərt olduğu yaddan çıxarılır. Fiziki tərbiyə bilavasitə bu məqsədə xidmət edən, istiqamətlənmiş məqsədyönlü fəaliyyətdir və müəyyən fiziki hərəkətlərin icra olunmasını, gimnastikanı, idman oyunlarını və sairi əhatə edir. Fiziki tərbiyə, şübhəsiz ki, ümumi fiziki inkişafın təmin olunmasında, fiziki kamilliyin əldə edilməsi prosesində mühüm rol oynayır.

Ailədə uşaqların fiziki tərbiyəsi

Ailədə uşaqların əqli, estetik, ümumi tərbiyəsi ilə yanaşı, fiziki inkişafı üçün də şərait yaradılmalıdır. Valideynlər öz uşaqlarının sağlamlığını möhkəmləndirmək, çevik, qüvvətli olmalarına kömək etməlidirlər. Fiziki inkişafın düzgün təşkili üçün fiziki tərbiyə müəllimləri ilə sıx əlaqə saxlanılmalıdır. Ailədə uşaqların fiziki tərbiyəsi aşağıda göstərilən forma əsasında təşkil edilir:

1. Səhər gigiyenası, gimnastika məşğələsi 6-7 umuminkişaf etdirici hərəkətlərdən ibarət olmaqla hər gün icra edilir;

2. Uşaqların boş vaxtlarında ev şəraiti nəzərə alınmaqla, müəllim tərəfindən verilmiş kompleks hərəkət elementləri texnikasının icrasıdır. Bura açıq havada müxtəlif idman alətləri ilə hərəkət, idman oyunları elementləri və müxtəlif oyun forması daxil edilməklə icra olunur;

3. Yorğunluğu çıxarmaq məqsədi ilə bir neçə kompleks hərəkətlər verilir. Xüsusilə, tənəffüslə əlaqədar ümumi inkişafetdirici hərəkətlərdən istifadə olunur.

Yaşlı əhalinin fiziki tərbiyəsi

Müxtəlif yaş dövrlərində orqanizmin morfoloji xüsusiyyətləri də müxtəlif olur. Yaşlı adamların fiziki tərbiyəsinin təşkilində, vasitə və metodların təyin edilməsində yaşın, cinsin nəzərə alınması vacibdir. Yaşlı əhali ilə müxtəlif formalı, xüsusən, gigiyena, sağlam istirahət, ümumi fiziki hazırlıq və yarış istiqamətli məşğələlər tətbiq edilməlidir.

Gigiyena istiqamətli məşq formasında yaş və cins nəzərə alınmır. Fiziki məşğələnin əsas vəzifəsi sağlamlığın yaxşılaşdırılması, orqanizmin həyat və iş fəaliyyətinin təmin edilməsidir.

Məşğələlər müxtəlif vaxtlarda, yeməkdən bir saat əvvəl və yaxud sonra keçirilməlidir. Bunun üçün yaxşı vaxt səhər yuxusundan 10-15 dəqiqə sonradır.

Məşğələlər insanların peşəsi nəzərə alınmaqla istirahət günlərində keçirilir. İştirakçıların yaşı, cinsi və marağı nəzərə alınmaqla məşğələlərin proqramına gəzintilər, yaxın məsafəyə turizm, oyun və müxtəlif sağlamlaşdırıcı fiziki hərəkətlər daxil edilir.

Ümumi fiziki hazırlıq istiqamətli məşğələlər yeni başlayanlar və fiziki zəifliyi olanlar üşün tətbiq olunur. Bu məşğələdə orqanizmin optimal vəziyyəti yüksəldilir, ümumi bacarıq, vərdiş və fiziki keyfiyyətlər formalaşdırılır.

Orqanizmin yaşla əlaqədar dəyişikliyi və peşə xəstəliklərinin qarşısının alınmasında fiziki tərbiyə də mühüm yer tutur. İnsanların asudə vaxtının səmərəli keçməsi üçün mühüm işlər görülür, fiziki tərbiyə və idmanın kütləvi inkişafı üçün yaxşı imkanlar yaradılır.

Yaşlı əhalinin hərtərəfli inkişafı üçün fiziki tərbiyənin forma və metodları, fasiləsiz olaraq, dəyişilir, səmərəli, məqsədəuyğun həyata keçirilməsi təmin edilir.


Kamaləddin İSMAYILOV,
Naxçıvan Muxtar Respublikasının
Əməkdar bədən tərbiyəsi və idman xadimi





Xəbər 6370 dəfə oxundu.