Elnur Məmmədli gözləyir
Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdoçular arasında qran-pri turnirində bu gün növbəti görüşlər keçiriləcək. İdman.com.az saytının məlumatına görə, olimpiya çempionumuz Elnur Məmmədli ilk mərhələdən azaddır. İkinci raunda o, Yaromir Musil (Çex Resp.) – Mariann Halas (Rumıniya) tutaşmasının qalibi ilə qarşılaşacaq.

Dünya və Avropa çempionatının mükafatçısı Elxan Məmmədov (90 kq) da mübarizəyə növbəti dövrədən qoşulacaq. İdmançımız Aiqars Milenberq (Latviya) - Dieqo Rosati (Argentina) görüşünün qalibini gözləyəcək.

100 kq çəkidə çıxış edən Elmar Qasımov bu yarışda mütləq uğurlu çıxış etməlidir. İlk «22-lik»dən kənar qalan gənclər arasında qitə çempionu, bunun üçün ilk növbədə, startda yerli cüdoçu Benjamin Berhi üstələməlidir.

Qeyd edək ki, ümumi mükafat fondu 100000 ABŞ dolları olan yarışda 86 ölkədən 557 idmançı iştirak edir. Qalib idmançı 3000, 2-ci yer tutan 2000 və 3-cü yerin sahibləri hərəyə 1000 dollar qazanır. Bundan savayı, 1-ci pillənin sahibi 200, gümüş medalçı 120, bürünc mükafatçılar 80 və 5-ci yerin sahibləri 40 lisenziya xalı əldə edirlər.

Xəbər 1322 dəfə oxundu.