“İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə” haqqında qanun layihəsi hazırlanır
İyunun 21-də Milli Məclisin gənclər və idman komitəsinin “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanması üzrə yaradılan işçi qrupunun iclası keçirilib.

İclasda komitənin sədri Fuad Muradov yeni qanun layihəsi barədə məlumat verib. O deyib ki, müzakirə olunan qanun layihəsinin hazırlanmasında məqsəd bu sahədə qanunvericiliyin bazasının təkmilləşdirilməsidir. Bildirilib ki, Beynəlxalq Antidopinq Təşkilatının tövsiyəsini nəzərə alaraq Azərbaycan qanunvericiliyində də bu istiqamətdə mühüm addımlar atılacaq. Beynəlxalq Antidopinq Təşkilatı 7 mindən artıq dərmandan istifadəyə qadağa qoyub. Bu dərmanlardan istifadə edən idmançılara, federasiyalara sanksiyalar tətbiq olunur. Bu, idmanın inkişafı baxımında dünyada müsbət qiymətləndirilir. Azərbaycanda da bu məsələ diqqət mərkəzində saxlanılır. Gənclər və İdman Nazirliyi nəzdində antidopinq komissiyası fəaliyyət göstərir. Ölkəmiz bu sahədə müvafiq beynəlxalq sənədlərə qoşulub. 2004-cü ildən Dünya Antidopinq Agentliyi də fəaliyyət göstərir.

İclasda çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dopinq probleminin bütün dünyada mövcud olduğunu söyləyib. O, bu problemə qarşı mübarizənin vacib olduğunu deyib. Lakin bu mübarizə ədalətli şəkildə bütün ölkələrə qarşı eyni səviyyədə aparılmalıdır. Mübarizə şəxsi maraqlar üzərində qurulmamalıdır. Digər tərəfdən, bu gün insanların kütləvi şəkildə gündəlik həyatda istifadə etdikləri dərmanlar, ağrıkəsicilər var ki, onların tərkibində də dopinq mövcuddur. Bütün bunlara aydınlıq gətirilməli, mübarizə sonadək aparılmalı və həmin dərmanlar satışdan yığışdırılmalıdır. Nazir müavini qeyd edib ki, xüsusən yeniyetmələrin dopinqdən istifadə etmələri onların inkişaf dövründə problemlərlə qarşılaşmasına səbəb olur.

Çıxış edənlər qanun layihəsi ilə bağlı müxtəlif təkliflər səsləndiriblər.

Xəbər 689 dəfə oxundu.