Ağır atletikamızda dopinq dalğası davam edir
Ağır atletikamızda dopinq dalğası davam edir. Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) iyunun 18-də rəsmi saytında Pekin Olimpiadasının dopinq-testlərinin nəticələrinə əsasən 7 atleti diskvalifikasiya edib. Onlar arasında İntiqam Zairov (94 kq) da var. 8 il əvvəl Çində 85 kq-da çıxış edən və 361 kq-la (birdənqaldırma 166 kq, təkanlaqaldırma 195 kq) 9-cu yeri tutan İntiqamın dopinq-testi zamanı dehidroxloromesiltestosteron aşkarlanıb. Həmin maddə DÇ-nin analizində də həmin idmançıda üzə çıxmışdı.

Həmyerlimizlə yanaşı, Hripsime Xurşudyan (Ermənistan), Aleksandru Dudoqlo (Moldova), Nadejda Yevstuxina (Rusiya), Nurcan Taylan (Türkiyə), Marina Şainova (Rusiya) və İlya İlyinin (Qazaxıstan) təkrar dopinq analizi müsbət nəticə verib. Onların cəza müddəti qarşıdakı günlərdə Gürcüstanda keçiriləcək iclasdan sonra açıqlanacaq.

Cəzalar dəstiqlənsə, Pekində olimpiya çempionu olmuş İlyinin diskvalifikasiyası Nizami Paşayevi 4-cü pilləyə yüksəldəcək. Buna qədər 2023-cü ilədək cəza alan Zairov isə böyük ehtimalla, karyerasını başa vurmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, bu, Zairovun 3-cü cəzası olacaq. İntiqam 2013-cü ildə keçirilmiş Avropa çempionatında da dopinqli olduğu üçün 2 illik cəza almışdı.

Xəbər 747 dəfə oxundu.