XI Yay Paralimpiya Oyunlarında əldə edilmış nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2000-ci il oktyabrın 18-29-da Avstraliyanın Sidney şəhərində XI Yay Paralimpiya Oyunları keçirilmişdir. Oyunlarda Azərbaycanın yeddi əlil idmançısı iştirak etmiş və yüksək idman nəticələri göstərmişlər. İdmançılarımızdan Gündüz İsmayılov ağırlıqqaldırma üzrə qızıl medala, Yelena Taranova güllə atıcılığı üzrə gümüş medala layiq görülmüş, qalan idmançılarımız - Mehman Ramazanov, Aleksandr Antofiy, Zeyniddin Bilalov, Sərxan Əsədov və Fuad Tarıverdiyev çıxış etdikləri idman növləri üzrə birinci onluğa daxil olmuşlar. Nəticədə Azərbaycan yığma komandası XI Yay Paralimpiya Oyunlarında iştirak etmiş 125 ölkə arasında 47-ci yeri tutmuşdur. Azərbaycan Respublikasının əlil idmançılarının və onların məşqçilərinin Avstraliyanın Sidney şəhərində keçirilən XI Yay Paralimpiya oyunlarında göstərdikləri nəticələrə görə mükafatlandırılması məqsədi ilə qərara alıram:
1. XI Yay Paralimpiya Oyunlarında iştirak edərək yüksək nəticələr göstərmiş əlil idmançılar və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:
- Birinci yeri tutaraq qızıl medal almış idmançıya əlli milyon manat, onun məşqçisinə isə on milyon manat məbləğində;
- İkinci yeri tutaraq gümüş medal almış idmançıya otuz milyon manat, onun məşqçisinə isə on milyon manat məbləğində;
- Çıxış etdikləri idman növləri üzrə birinci onluğa daxil olmuş hər bir idmançıya on milyon manat məbləğində.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2000-ci il.

Xəbər 1613 dəfə oxundu.