“Avro-2016”: Belçika yığması İrlandiyanın qapısından üç cavabsız top keçirib
İyunun 18-da - futbol üzrə XV Avropa çempionatının “E” qrupunda yer alan Belçika və İrlandiya milliləri üz-üzə gəlib.

Bordo şəhər stadionunda keçirilən qarşılaşmanı türkiyəli referi Cüneyd Çakır idarə edib.

Oyun Belçika yığmasının sürətli hücumları ilə başlayıb. Lakin belçikalıların üstünlüyünə baxmayaraq, matçda hesab açılmayıb və ilk hissə qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Fasilədən sonra Belçika millisi hesabı açmaq üçün təzyiqi daha da artırıb və nəticə özünü çox gözlətməyib. Belçikalıların heyətində Romelu Lukaku 48-ci dəqiqədə hesabı açıb – 1:0. Qoldan sonra da hücumlara ara verməyən Belçika yığması 61-ci dəqiqədə Aksel Vitselin qolu ilə hesabı daha da artırıb 2:0. Lakin bu qol da oyunda son nöqtə olmayıb. İrlandiyalıları əks-hücumda yaxalayan belçikalıların heyətində Eden Hazard sürətlə hərəkət edərək gözəl ötürmə ilə Romelu Lukakunu qapıçı ilə təkbətək çıxarıb. Lukaku isə tələsmədən topu ram edərək belçikalıların qələbəsini rəsmiləşdirib.

Beləliklə, Belçika yığması İrlandiya millisini 3:0 hesabı ilə məğlub edərək səkkizdəbir finala yüksəlmək üçün gözəl şans əldə edib.

Qrupun digər oyununda – iyunun 17-də İtaliya yığması İsveçi 1:0 hesabı ilə məğlub edib. İyunun 22-də “E” qrupunun sonuncu oyunlarında İtaliya-İrlandiya və İsveç-Belçika qarşılaşmaları keçiriləcək.

Xəbər 738 dəfə oxundu.