Formula-1 Avropa Qran-prisinin sıralama yürüşündə Niko Rosberq birinci olub
İyunun 18-də Formula-1 azarkeşləri Avropa Qran-prisinin ikinci günündə də maraqlı idman mübarizəsinin şahidi olublar.

Saat 14:00-da start götürən üçüncü test yürüşünə hər biri iki pilotdan ibarət 11 komanda qoşulub. “Mercedes” komandasının heyətində Luis Hamilton və Niko Rosberq, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo, Daniil Kvyat, “Force İndia”da Niko Hulkenberq və Serxio Peres, “Renault”da isə Kevin Maqnussen ilə Colion Palmer mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Maks Ferstappen və Karlos Sayns, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso və Censon Batton yürüşdə iştirak edirlər. Pilotlar Paskal Verlyayn və Rio Haryanto “Manor”, Roman Qrojan və Estabean Qutyerres isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Pilotlar öz bolidləri ilə 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Yürüşün başa çatmasına yaxın “Force İndia” komandasının pilotu Serxio Peres qəzaya uğrayıb. Pilot bolidini 14-cü döngədə trekin ətrafındakı təhlükəsizlik hasarına vurub. Lakin S.Peres xəsarət almayıb.

“Mercedes” komandasının britaniyalı pilotu, üçqat dünya çempionu Luis Hamilton bu yarışı da birinci pillədə başa vurub. Yürüşün trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 44,352 saniyə olub. L.Hamiltonun komanda yoldaşı Niko Rosberq yarışı ikinci, “Force İndia” komandasının pilotu Niko Hulkenberq isə üçüncü pillədə başa vurublar.

Saat 17:00-da isə sıralama yürüşünə start verilib. “Mercedes” komandasının pilotu Niko Rosberq rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Onun göstəricisi 1 dəqiqə 42,758 saniyə olub. “Force İndia” komandasının pilotu Serxio Peres 1 dəqiqə 43,515 saniyəlik nəticə ilə ikinci olub. Üçüncü yerdə 1 dəqiqə 43,966 saniyəlik göstərici ilə “Red Bull Racing” komandasından sürücüsü Daniel Rikkardo qərarlaşıb.

Beləliklə, iyunun 19-da Avropa Qran-prisində pilotların düzülüşü aşağıdakı qaydada olacaq:

Niko Rosberq (“Mercedes”), Serxio Peres (“Force İndia”), Daniel Rikkardo (“Red Bull Racing”), Sebastian Fettel (“Ferrari”), Kimi Raykonnen (“Ferrari”), Felipe Massa (“Uilyams”), Daniil Kvyat (“Red Bull Racing”), Valtteri Bottas (“Uilyams”), Maks Ferstappen (“Toro Rosso”), Luis Hamilton (“Mercedes”), Roman Qrojan (“Haas”), Niko Hulkenberq (“Force İndia”), Karlos Sayns (“Toro Rosso”), Fernando Alonso (“McLaren”), Estabean Qutyerres (“Haas”), Felipe Nasr (“Sauber”), Rio Haryanto (“Manor”), Paskal Verlyayn (“Manor”), Censon Batton (“McLaren”), Markus Erikson (“Sauber”), Kevin Maqnussen (“Renault”) və Colion Palmer (“Renault”).

Yarışın ikinci günündə Formula-1 ilə yanaşı, GP2 seriyası üzrə də mübarizə aparılıb. Bu yarışda “Prema Racing” komandasının pilotu Antonio Covinatsi birinci olub. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 57,944 saniyə olub. Rusiyalı pilot Sergey Sirotkin (“ART Grand Prix”) ikinci, italiyalı Rafael Marçello (“Russian Time”) üçüncü olublar.

İyunun 19-da saat 14:00-da GP2 seriyası üzrə ikinci yarış keçiriləcək. Saat 17:00-da isə Formula-1 Avropa Qran-prisinə start veriləcək.

Xəbər 816 dəfə oxundu.