Artyom Markelov: Bakı trasında özümü inamlı hiss edirəm
Cümə günü səhər Bakıda GP-2 seriyasından ilk test yürüşləri keçirilib. Bu məşqlərdə ən yaxşı vaxt nəticəsini “Racing Engineering” komandasının üzvü Norman Nato göstərib. “Russian Time” komandasının üzvü Artyom Markelov isə 12-ci yeri tutub.

A.Markelov tras barədə təəssüratlarını bölüşərək deyib: “Bakı trası çox xoşuma gəldi. Özümü inamlı hiss edirəm və düşünürəm ki, ilk beşliyə düşə biləcəyəm. Bu dəfə mən 12-ci nəticə göstərdim. Biz sürətli dövrə vurmağa və yaxşı nəticə göstərməyə çalışdıq, lakin sarı bayraqlar, yaxud virtual təhlükəsizlik avtomobili bizə daim mane olurdu. Sessiyanın ilk dəqiqələrində mən birinci idim. Sonra Marçyello məni qabaqladı. Maşının sürəti yaxşıdır, lakin parametrləri bir qədər təshih etmək lazımdır. Düşünürəm ki, komanda yoldaşımla birlikdə ilk üçlüyə düşə bilərik.

Səkkizinci və doqquzuncu döngələr arasındakı hissə maraqlıdır. Əgər kiminsə maşını bu hissədə yoldan çıxsa, onu ötüb keçmək çox çətin olacaq. Prinsip etibarı ilə bu, maraqlı trasdır və artıq mənim sevimli traslarım sırasına daxil olub”.

Artyom Markelov daha sonra qeyd edib ki, Monakoda qələbədən sonra “Russian Time” komandası bu mövsüm üçün məqsədlərini yenidən nəzərdən keçirib. O deyib: “Çempionat başlanmazdan əvvəl başqa məqsədlərimiz vardı, lakin Monakoda qələbədən sonra başa düşdük ki, vəzifələri dəyişmək lazımdır. Hazırda mən ikinci yeri tuturam, Nato məndən bir xal irəlidədir, lakin bu il titul uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik.

Xəbər 789 dəfə oxundu.