“Synergy Baku” “Tour de Serbia” veloyarışında uğurlu çıxışı ilə yadda qalıb
Ölkəmizin “Synergy Baku” kontinental komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour de Serbia” veloyarışında uğurlu çıxışını davam etdirir.

21 kollektivin iştirak etdiyi yarışın 123,6 km-lik 3-cü mərhələsində “Synergy Baku”nun üzvü, bu gün 35 yaşı tamam olan Matey Müqerli üçqat uğurla yadda qalıb. Məsafəni 3 saat, 9 dəqiqə, 9 saniyəyə qət edən Müqerli ən yaxın izləyicisini 2 dəqiqə, 31 saniyə qabaqlamaqla solo-finiş edib və mərhələ qalibi olub. Bu isə velosipedçimizə ümumi təsnifatda 12 pillə irəliləməklə birinci yerə qalxmağa və lider köynəyini əyninə geyinməyə imkan yaradıb. Hazırda vaxt baxımından Müqerliyə ən yaxın velosipedçi İtaliyanın “Unieuro Wilier” komandasının üzvü Aleks Turrindir - o, təmsilçimizə 2 dəqiqə, 12 saniyə uduzur.

Bundan başqa, üçüncü mərhələnin gedişi zamanı aralıq finişlərində daha inamlı təsir bağışlayan Matey Müqerli ən yaxşı sprinterlərin mübarizəsində də lider köynəyini ələ keçirib.

Üçüncü mərhələ komandamızın digər üzvü Matiya Kvasinanın ən yaxşı dağ velosipedçilərinin mübarizəsində liderliyini və müvafiq köynəyi qoruması ilə də əlamətdar olub. Komanda hesabında isə “Synergy Baku” ən yaxın izləyicisini 10 saniyə qabaqlamaqla birinci pillədədir. Bu gün keçiriləcək dördüncü mərhələdə velosipedçilər yarışın ən uzun məsafəsini qət edəcəklər - 191,4 km. Altı günlük yarışa iyunun 19-da yekun vurulacaq.

Xəbər 729 dəfə oxundu.