PFL prizedentindən müjdə: Narahat olmayın, futbol olacaq
Unibank Premyer Liqada XXI turun oyunları təxirə salınmayacaq. İdman.com.az saytının məlumatına görə, bu barədə lent.az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Onun sözünə görə, görüşlər istənilən hava şəraitində baş tutacaq: “XIX turda olduğu kimi yenə təxirəsalmadan söhbət gedə bilməz. Çalışacağıq ki, necə olursa-olsun, qarşıdakı tur keçirilsin”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti günün ikinci yarısından etibarən fevralın 21-dək hava şəraitinin yağıntılı olacağı barədə xəbərdarlıq edib. Paytaxtda və bölgələrdə yağıntının sulu qar və qara keçəcəyi, temperaturun aşağı düşəcəyi, yolların buz bağlayacağı gözlənilir.

Əlverişsiz hava şəraiti üzündən 10-11 fevralda keçirilməli olan XIX turun qarşılaşmaları martın 7-ə təxirə salınıb.
Qeyd edək ki, qarşıdakı turun 6 oyunundan yarısı paytaxtda, qalanları bölgələrdə keçiriləcək. Bölgələrdəki matçlardan 2-si dağlıq ərazidə yerləşən Qəbələ və Zaqatalada nəzərdə tutulub.

Xəbər 1033 dəfə oxundu.