“Avro-2016”: Altıncı gün
Futbol üzrə XV Avropa çempionatının altıncı gününün ilk matçında "B" qrupunda yer alan Slovakiya və Rusiya yığma komandaları üz-üzə gəlib.

Lill şəhərindəki "Pyer Moro" stadionunda keçirilən görüşü sloveniyalı referi Damir Skomina idarə edib.

Rəqibi əsasən, əks-hücumlarda yaxalamağa çalışan slovakiyalılar istəklərinə 32-ci dəqiqədə çatıblar. Hamsikin ötürməsindən sonra rusiyalıların cərimə meydançasına daxil olan Veiss ani hərəkətlə yaxınlıqda olan iki müdafiəçini aldadaraq zərbə mövqeyinə çıxıb və topu uzaq küncə göndərib - 1:0. Qoldan sonra rusiyalılar hesabı bərabərləşdirmək üçün təzyiqi artırsalar da, növbəti qolu öz qapılarında görüblər. İlk hissənin sonunda - 45-ci dəqiqədə künc zərbəsindən ötürülən topu qəbul edən Hamsik qapını dəqiq nişan alaraq çempionatın ən gözəl qollarından birinin müəllifi olub - 2:0. Matçın 80-ci dəqiqəsində slovakiyalı müdafiəçinin səhvindən istifadə edən rusiyalıların təşkil etdikləri gözəl hücumu Qluşakov başla dəqiq tamamlayaraq hesab arasındakı fərqi azaldıb - 2:1. Bu qoldan sonrakı hissə Rusiya millisinin aşkar üstünlüyü şəraitində keçib. Lakin rusiyalıların bütün cəhdlərinə baxmayaraq, hesab bərabərləşməyib və Slovakiya millisi 2:1 hesabı ilə qalib gəlib.

Günün ikinci matçında “A” qrupunda yer alan Rumıniya və İsveçrə yığma komandaları qarşılaşıb. Parisdə “Park de Prəns” stadionunda keçirilən görüşü rusiyalı baş hakim Sergey Karasev idarə edib.

Rumıniya–İsveçrə matçının birinci hissəsində İsveçrə yığması üçün bir neçə dəfə qol imkanı yaransa da, 18-ci dəqiqədə Rumıniya millisinin üzvü Boqdan Stançu topu rəqib komandanın qapısından keçirib. İkinci hissədə daha fəal olan isveçrəlilər matçın 57-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Admir Mehmedi topu rəqib qapısından keçirib və hesab 1-1 olub. İsveçrəlilərin cəhdlərinə baxmayaraq, matç 1-1 hesabı ilə başa çatıb.

Avropa çempionatının altıncı gününün sonuncu oyununda "A" qrupundakı Fransa və Albaniya komandaları qarşılaşıb. Marsel şəhərindəki "Velodrom" stadionunda keçirilən görüşü şotlandiyalı referi Uilyam Kollum idarə edib.

Fransa yığması ilk turda Rumıniya üzərində qələbə qazandığı üçün bu oyunda qalib gələcəyi təqdirdə səkkizdəbir finala vəsiqəni təmin etmiş olurdu. Albaniya isə ilk turdakı məğlubiyyətdən sonra növbətə mərhələyə yüksəlmək şansını itirməmək üçün güclü Fransa ilə oyunda ən az heç-heçə etməli idi. Məhz buna görə də albaniyalılar fransızların aramsız hücumlarına qarşı inadla müdafiə olunurdular. Lakin fransızların fasiləsiz hücumları oyunun 90-cı dəqiqəsində bəhrəsini verdi. Raminin ötürməsindən sonra Qrizman başla fransızları irəli çıxardı - 1:0. Oyunun əsas vaxtına əlavə edilən hissənin sonuncu dəqiqəsində Payet çempionatda ikinci dəfə fərqlənərək komandasının qələbəsini rəsmiləşdirdi - 2:0. Matç bu hesabla da başa çatdı.

Bu qələbə ilə Fransa yığması iki oyundan sonra xallarının sayını 6-ya çatdıraraq səkkizdəbir finala vəsiqə qazanıb.

Xəbər 768 dəfə oxundu.