Fransa "Avro-2016"nın səkkizdəbir finalına vəsiqəni təmin edib
Futbol üzrə XV Avropa çempionatının altıncı gününün sonuncu oyununda "A" qrupundakı Fransa və Albaniya komandaları qarşılaşıb.

Marsel şəhərindəki "Velodrom" stadionunda keçirilən görüşü şotlandiyalı referi Uilyam Kollum idarə edib.

Fransa yığması ilk turda Rumıniya üzərində qələbə qazandığı üçün bu oyunda qalib gələcəyi təqdirdə səkkizdəbir finala vəsiqəni təmin etmiş olurdu. Albaniya isə ilk turdakı məğlubiyyətdən sonra növbətə mərhələyə yüksəlmək şansını itirməmək üçün güclü Fransa ilə oyunda ən az heç-heçə etməli idi.

Məhz buna görə də albaniyalılar fransızların aramsız hücumlarına qarşı inadla müdafiə olunurdular. Lakin fransızların fasiləsiz hücumları oyunun 90-cı dəqiqəsində bəhrəsini verdi. Raminin ötürməsindən sonra Qrizman başla fransızları irəli çıxarıb - 1:0. Oyunun əsas vaxtına əlavə edilən hissənin sonuncu dəqiqəsində Payet çempionatda ikinci dəfə fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib - 2:0. Matç bu hesabla da başa çatıb.

Bu qələbə ilə Fransa yığması iki oyundan sonra xallarının sayını 6-ya çatdıraraq səkkizdəbir finala vəsiqə qazanıb. Xalı olmayan Albaniya isə səkkizdəbir finala çıxmaq şansını demək olar ki, itirib.

Qrupun digər oyununda isə Rumıniya-İsveçrə görüşü 1:1 hesabı ilə başa çatdığından isveçrəlilər 4 xalla ikinci sırada qərarlaşıblar. Rumıniya isə 1 xalla üçüncü sıradadır.

Xəbər 899 dəfə oxundu.