“Qəbələ” klubu xorvatiyalı Filip Ozobiçi heyətinə cəlb edib
2016-2017-ci il mövsümünün hazırlığına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Ardıcıl 3-cü dəfə UEFA Avropa Liqasında çıxış edəcək komanda heyətini xorvatiyalı Filip Ozobiç ilə gücləndirib. İyirmi beş yaşlı mərkəz yarımmüdafiəçisi ilə ikiillik müqavilə imzalanıb.

2006-2011-ci illərdə Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edən F.Ozobiç “Mladost” (Zdralovı) klubunun yetirməsidir. Xorvatiyada “Dinamo” (Zaqreb), “Zadar”, Rusiyada isə “Spartak”ın (Moskva) yeniyetmə və gənclərdən ibarət komandalarının şərəfini qoruyan yarımmüdafiəçi peşəkar karyerasına da vətənindən kənarda başlayıb. 2008-2013-cü illərdə “Spartak”ın futbolçusu olan xorvatiyalı icarə əsasında Split “Hayduk”unda (2012-2013) da çıxış edib. 2013-cü ildə “Slaven”ə keçən futbolçu son üç mövsümü də Xorvatiya klubunun şərəfini qoruyub. Bu komandanın heyətində 89 oyuna çıxan yarımmüdafiəçi 15 qol vurub.

Xəbər 715 dəfə oxundu.