“Avro-2016”: Portuqaliya-İslandiya oyununu türkiyəli baş hakim idarə edəcək
İyunun 14-də futbol üzrə XV Avropa çempionatının beşinci günündə “F” qrupunda iki qarşılaşma oynanılacaq. Bununla da qruplarda ilk tura yekun vurulacaq.

Günün ilk oyununda Avstriya millisi Macarıstan yığması ilə qarşılaşacaq. Saat 20:00-da Bordo şəhərində, 42115 tamaşaçı tutumu olan “Bordo” stadionunda başlayacaq oyunu fransalı baş hakim Klement Turpin idarə edəcək.

Saat 23:00-da Sent-Etyen şəhərinin 42 min yerlik “Joffrua Qişar” stadionunda Portuqaliya-İslandiya oyunu start götürəcək. Bu oyunun favoriti heyətində Kriştiano Ronaldo, Rikardo Quareşma kimi futbolçuların yer aldığı Portuqaliya komandası hesab olunur. İslandiya millisinin tərkibində isə əsasən gənc, fiziki cəhətdən hazırlıqlı futbolçular yer alır. Matçın baş hakimi türkiyəli Cüneyt Çakır təyin olunub.

Xatırladaq ki, C.Çakır Çempionlar Liqası və Avropa Liqası da daxil olmaqla, UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə yarımfinal mərhələsinin həm ilk, həm də cavab görüşünə təyinat alan referi kimi Avropa futbol tarixinə düşüb. O, 2015-ci ildə UEFA Çempionlar Liqasının final oyununu idarə edib.

Tamaşaçılar Avstriya-Macarıstan qarşılaşmasını “CBC Sport” telekanalı, Portuqaliya-İslandiya oyununu isə İctimai Televiziya ilə izləyə bilərlər.

Xəbər 807 dəfə oxundu.