“Avro-2016”: Dördüncü gün
İyunun 13-də - futbol üzrə XV Avropa çempionatının dördüncü günündə “D” qrupunda bir, “E” qrupunda isə iki oyun keçirilib.

Günün birinci qarşılaşmasında İspaniya yığması Çexiya millisi ilə üz-üzə gəlib. Oyunda ispaniyalılar təşəbbüsü tamamilə ələ alsalar da, rəqib üzərində çətinliklə qələbə qazanıblar. Pireney təmsilçisinin təhlükəli hücumlarına baxmayaraq, Çexiya yığmasının müdafiə xəttinin, xüsusilə qapıçı Peter Çexin səhvsiz və inamlı oyunu ispanların yaratdıqları çoxsaylı qol imkanlardan yalnız birini reallaşdırmalarına imkan verib. Qarşılaşmanın 87-ci dəqiqəsində İniyestanın cərimə meydançasına gözəl ötürməsini Pike başla dəqiq tamamlayaraq hesabı açıb – 1:0. Bu, oyunda yeganə qol olub və İspaniya yığması Çexiya millisi üzərində çətin qələbə qazanıb.

Qeyd edək ki, bu qarşılaşma David Silvanın İspaniya milli komandasının heyətində 100-cü oyunu olub.

Bu qrupun iyunun 12-də keçirilən ilk oyununda Xorvatiya millisi Türkiyə yığmasını 1:0 hesabı ilə məğlub etmişdi. Beləliklə, ilk turdan sonra “D” qrupunda İspaniya və Xorvatiya üç xalla birinci-ikinci yerləri bölüşürlər. Aktivlərində xal olmayan Türkiyə və Çexiya komandaları isə qrupda üçüncü-dördüncü yerdədir.

Çempionatın qrup mərhələsinin ikinci turunda – iyunun 18-də “C” qrupunda Çexiya və Xorvatiya, İspaniya ilə isə Türkiyə milliləri qarşılaşacaq.

Günün ikinci qarşılaşmasında isə İrlandiya və İsveç yığma komandaları üz-üzə gəlib. Parisin “Stad de Frans” stadionunda oynanılan görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hər iki komandanın futbolçularının hesabı açmaq imkanları olsa da, onlar bu imkanlardan istifadə edə bilməyiblər. Sürətli hücumlarla başlayan görüşün ikinci hissəsinin 48-ci dəqiqəsində irlandiyalı Ues Hulahan hesabı açıb. Bundan 23 dəqiqə sonra İsveç komandasının lideri Zlatan İbrahimoviçin sol cinahdan zərbəsindən sonra irlandiyalı futbolçu Kiaran Klark topu öz qapısından keçirib -1:1. Oyun bu hesabla da başa çatıb.

Günün üçüncü, “E” qrupunun isə ikinci oyununda İtaliya və Belçika milliləri qarşılaşıb. Oyunda hesabı 32-ci dəqiqədə italiyalılar açıblar. Leonardo Bonuççinin belçikalıların müdafiə xəttinin arxasına ideal ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Ciakkerini tələsməyərək toru dəqiq nişan alıb – 1:0. İlk hissənin sonrakı dəqiqələrində komandalar bir neçə təhlükəli vəziyyət yaratsalar da, hesab dəyişməyib. Oyunun ikinci hissəsi də qarşılıqlı hücumlar şəraitində keçib. Matçın 53-cü dəqiqəsində İtaliya yığmasını əks-hücumda yaxalayan belçikalılar hesabı bərabərləşdirmək üçün son dərəcə gözəl imkan əldə ediblər. De Bruynenin dəqiq ötürməsindən sonra Buffon ilə təkbətək qalan Lukaku qapını dəqiq nişan ala bilməyib.

Oyunda son nöqtəni italiyalılar qoyublar. Rəqibi əks-hücumda yaxalayan Apennin təmsilçisi qarşılaşmanın əsas vaxtına əlavə edilən 3-cü dəqiqədə hesab arasındakı fərqi artırıb. Kandrevanın gözəl ötürməsini komanda yoldaşı Pelle baxımlı zərbə ilə tamamlayıb – 2:0. Bununla da İtaliya millisi “Avro-2008”in ilk oyununda Belçika yığmasını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. İlk turdan sonra “E” qrupuna 3 xalla İtaliya millisi başçılıq edir. Hərəyə 1 xal toplayan İsveç və İrlandiya ikinci-üçüncü yerləri bölüşürlər. Aktivində xal olmayan Belçika yığması isə qrupda sonuncu sıradadır.

Qrup mərhələsinin ikinci turu çərçivəsində iyunun 17-də İtaliya-İsveç, iyunun 18-də isə Belçika-İrlandiya qarşılaşmaları oynanılacaq.

Xəbər 622 dəfə oxundu.