“Skuadra Adzurra” Avropa çempionatına Belçika üzərində qələbə ilə başlayıb
İyunun 13-də futbol üzrə XV Avropa çempionatının “E” qrupunun ikinci oyununda İtaliya millisi ilə Belçika yığması ilə qarşılaşıb.

58 min 585 yerlik “Stad de Lion” arenasında keçirilən görüşü ingiltərəli baş hakim Mark Klattenburq idarə edib.

Oyundan əvvəl həm təcrübəli “Skuadra Adzurra”nın, həm də istedadlı gənclərdən ibarət Belçika yığmasının imkanları bərabər qiymətləndirilirdi. Bu amil demək olar ki, oyunun gedişində də özünü aşkar hiss etdirirdi. Təxminən bərabər səviyyədə keçirilən görüşdə hesab oyunun 32-ci dəqiqəsində açılıb. Leonardo Bonuççinin belçikalıların müdafiə xəttinin arxasına ideal ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Ciakkerini tələsmədən toru dəqiq nişan alaraq Kurtuaya heç bir şans verməyib – 1:0. İlk hissənin sonrakı dəqiqələrində də komandalar bir neçə təhlükəli vəziyyət yaratsalar da, hesab dəyişməyib.

Oyunun ikinci hissəsi də qarşılıqlı hücumlar şəraitində keçib. Matçın 53-cü dəqiqəsində İtaliya yığmasını əks-hücumda yaxalayan belçikalılar hesabı bərabərləşdirmək üçün son dərəcə gözəl imkan əldə ediblər. De Bruynenin dəqiq ötürməsindən sonra Buffon ilə təkbətək qalan Lukakuya topu ancaq qapıdan keçirmək qalırdı. Lakin Lukakunun uzaq “doqquzluğ”a göndərdiyi top qapı dirəyindən bir neçə santimetr aralı keçdi. Belçikalıların təzyiqlərinə baxmayaraq, oyunda son nöqtəni italiyalılar qoyublar. Rəqibi əks-hücumda yaxalayan Apennin təmsilçisi qarşılaşmanın əsas vaxtına əlavə edilən 3-cü dəqiqədə hesab arasındakı fərqi artırıb. Kandrevanın gözəl ötürməsini komanda yoldaşı Pelle baxımlı zərbə ilə tamamlayıb – 2:0.

Beləliklə, İtaliya millisi “Avro-2008”in ilk oyununda Belçika yığmasını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveç və İrlandiya komandaları hərəyə bir dəfə fərqlənərək meydandan 1:1-lik heç-heçə ilə ayrılıb. İlk turdan sonra “E” qrupuna 3 xalla İtaliya millisi başçılıq edir. Hərəyə 1 xal toplayan İsveç və İrlandiya ikinci-üçüncü yerləri bölüşürlər. Aktivində xal olmayan Belçika yığması isə qrupda sonuncu sıradadır.

Qrup mərhələsinin ikinci turu çərçivəsində iyunun 17-də İtaliya-İsveç, iyunun 18-də isə Belçika-İrlandiya qarşılaşmaları oynanılacaq.

Xəbər 790 dəfə oxundu.