Dünya Kubokunun sahibi Olimpiya turnirinin qalibi oldu
Beynəlxalq Şahmat Federasiyası (FIDE) və Azərbaycan Şahmat Federasiyası (ACF) sentyabr ayında keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası ərəfəsində FIDE-nin şahmat kompozisiyası üzrə Olimpiya turnirini təşkil ediblər.

FIDE-nin Olimpiya turniri “Şahmat kompozisiyası” adlı xüsusi layihə çərçivəsində keçirilib.

Beynəlxalq Şahmat Kompozisiyası Federasiyanın (WFCC) Rəyasət heyəti tərəfindən əlaqələndirilən turnir FIDE və WFCC-in şahmat kompozisiyasını bütün dünyada təbliğ və inkişaf etdirmək işində birgə səylərinin nəticəsidir.

Altı müxtəlif bölmədə keçirilən turnirdə Azərbaycan təmsilçisi Kənan Vəlixanov qalib gəlib.

ACF-in şahmat kompozisiyası üzrə komissiyasının sədri İlham Əliyev turnirin direktoru təyin edilib. 18 ölkədən 51 şahmatçının iştirakı ilə keçirilən ikigedişli şahmat kompozisiyası bölməsində Dünya Kubokunun sahibi, Azərbaycan şahmatçısı Kənan Vəlixanov qalib gəlib.

Xatırladaq ki, Dünya Şahmat Olimpiadası sentyabrın 17-dən 30-dək Bakıda keçiriləcək.

Xəbər 857 dəfə oxundu.