Qrossmeyster Azər Mirzəyev Litvada keçirilən beynəlxalq turnirin üçüncüsü olub
Azərbaycan şahmatçısı Azər Mirzəyev Litvanın Panevejis şəhərində başa çatmış beynəlxalq turnirdə üçüncü yeri tutub.

Sonuncu turda Latviya nümayəndəsi İlmars Starostinə qarşı ağ fiqurlarla oynayan Azər Mirzəyev bu turu sülhlə başa çatdırıb və yarışın yekunlarına görə 5,5 xal toplayıb. Rusiyalı Sergey Matsenkonun aktivində də eyni sayda xal vardı. Turnirin təşkilatçıları əlavə əmsalları nəzərə alaraq ikinci yerin Matsenkoya verilməsini qərara alıblar.

Polşa nümayəndəsi, beynəlxalq usta Marsel Kanarek ən yaxın rəqiblərindən 1,5 xal çox toplayaraq turnirin qalibi olub.

Xatırladaq ki, bu beynəlxalq festivalın proqramına beş turnir daxil idi: qrossmeyster norması uğrunda turnir, usta norması uğrunda turnir və üç open-turnir.

Xatırladaq ki, beynəlxalq usta norması uğrunda turnirdə 9 mümkün xaldan 8 xal toplayan Litva nümayəndəsi Titas Stremaviçyus qalib gəlib. Bu turnirdə iştirak edən Azərbaycan nümayəndəsi Rüstəm Bünyadov isə yekunda 4 xal toplayaraq yeddinci yeri tutub.

Xəbər 684 dəfə oxundu.