Luis Hamilton Kanada Qran-prisinin qalibi olub
Formula1 üzrə dünya çempionatının iyunun 10-12-də keçirilən yeddinci yarışında – Kanada Qran-prisində qalib gələn “Mercedes”in britaniyalı pilotu, hazırkı çempion Luis Hamilton cari mövsümdə ikinci qələbəsini qazanıb.

Yeddinci yarışda pilotlar Monrealdakı Jil Vilnöv trasında 4300 metrlik məsafədə 70 turda mübarizə aparıblar.

Luis Hamilton yarışı 1 saat 31 dəqiqə 05,296 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 5,011 saniyə geridə qalan Sebastian Vettel (Ferrari) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 46,4 saniyə sonra finişə çatan Valtteri Bottas (Uilyams, 15 xal) tamamlayıb.

Yeddinci Qran-pridən sonra “Mercedes”in digər pilotu Niko Rosberq 116 xalla liderliyini davam etdirir. O, indiyədək keçirilən yeddi mərhələdən dördündə (Avstraliya, Bəhreyn, Çin, Rusiya) qalib gəlib. Cari mövsümdə ikinci qələbəsini qazanan L.Hamilton isə bu mərhələdən sonra komanda yoldaşı ilə xal fərqini 9-a endirib və ikinci sırada qərarlaşıb. Onun hesabında 107 xal var. Aktivində 78 xal olan S.Vettel üçüncü, 72 xal toplayan Daniel Rikkardi (Red Bull) dördüncü və 69 xala sahib olan Kimi Raikkonen (Ferrari) beşincidir.

Çempionatın növbəti – səkkizinci yarışı olan Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçiriləcək.

Kanada Qran-prisi 1961-ci ildən bəri təşkil edilir və 1978-ci ildən bəri Jil Vilnöv adına trasda keçirilir. Əslində trasın əvvəlki adı Notr-Dam idi. Amma Jil Vilnöv 1982-ci ilin Belçika Qran-prisində dünyasını dəyişdikdən sonra trasa əfsanəvi sürücünün adı verilib. Bu tras Notr-Damdakı küçələrin birləşməsi ilə əmələ gəlib və Bakıdakı tras kimi şəhər tiplidir. Tras 8-i sağa, 5-i sola olmaqla 13 döngədən ibarətdir.

Xəbər 558 dəfə oxundu.