“Avro-2016”da üçüncü gün
İyunun 12-də futbol üzrə Avropa çempionatının “C” və “D” qruplarında üç oyun keçirilib.

Günün ilk görüşündə Parisdə “Park de Prəns” stadionunda Türkiyə və Xorvatiya milli komandaları qarşılaşıblar. Oyunun 41-ci dəqiqəsində xorvatiyalı Luka Modriçin vurduğu qol oyunda yeganə olub və Xorvatiya millisi Avropa çempionatına qələbə ilə başlayıb. Bu qrupun ikinci qarşılaşması bu gün İspaniya və Çexiya milli komandaları arasında baş tutacaq.

“C” qrupunda ilk oyun Polşa və turnirin debütantı Şimali İrlandiya milli komandaları arasında keçirilib. Nitsa şəhərindəki “Allyanz Rivyera” stadionunda baş tutan qarşılaşmada hesabı 51-ci dəqiqədə Polşa millisinin üzvü Arkadiuz Milik açıb. Oyunda bundan başqa qol olmayıb və “qırmızı-ağlar” minimal hesablı qələbə qazanıblar.

Bu qrupun ikinci və günün son görüşü isə Lil şəhərindəki “Pyer –Morua” stadionunda Almaniya və Ukrayna yığma komandaları arasında baş tutub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada sevinən tərəf Almaniya millisi olub. Əvvəlcə matçın 19-cu dəqiqəsində Şkodran Mustafi almanları hesabda irəli çıxarıb. Görüşün əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə isə Bastyan Şvaynştayqer oyunda son nöqtəni qoyub – 2:0.

Beləliklə, ilk turdan sonra Almaniya yığma komandası 3 xalla “C” qrupunda liderdir. Polşa millisinin də eyni xalı var və o, ikinci pillədə qərarlaşıb. Ukrayna və Şimali İrlandiya yığmaları isə hələ ki, xal qazanmayıblar.

İyulun 13-də Avropa çempionatında daha üç oyun olacaq. “D” qrupunda İspaniya-Çexiya (Bakı vaxtı ilə saat 17:00), “E” qrupunda İrlandiya-İsveç (20:00) və Belçika-İtaliya (23:00) matçları oynanılacaq.


Xəbər 689 dəfə oxundu.