İspaniyadan Azərbaycana?
Azərbaycan milli komandasının futbolçusu Rizvan Umarov İspaniya karyerasına son qoya bilər. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu ölkənin “Deportivo Kastelyon” klubunda oynayan hücumçu komandası ilə yollarını ayırmaq üzrədir. Milliləşən rusiyalı neçə aydır ki, pulunu da ala bilmir. Bu üzdən onun komanda ilə müqaviləni pozaraq yeni klub tapacağı gözlənilir.

İspaniya mətbuatı Azərbaycan milli komandasının fevralın 22-də başlayan təlim-məşq toplanışına qatılacaq futbolçunun geri qayıtmayacağını iddia edir. Onların fikrincə, Berti Foqtsdan təklif alıb martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırlıq keçəcək Rizvan oradan yeni klubunun düşərgəsinə yollana bilər. Lakin pireneylilər Umarovun hara gedəcəyinin hələ sirr olduğunu düşünür.

Hücumçunun müqaviləsini pozub sərbəst agent statusu alacağı halda ilk növbədə Azərbaycan klublarının diqqət mərkəzinə düşə bilər. Komandalarımızdan heç biri legioner sayılmayan rusiyalıdan yararlanmaq imkanından istifadə etməyin əleyhinə olmaz. Hər halda milli üzvü ilə güclənmək istənilən klubun işinə yarayar. Unibank Premyer Liqa məşqçilərinin də Dubay toplanışında olması onların Rizvanı iş başında görməsi və hətta ilkin danışıqlara başlamasına imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycan çempionatında qış transfer pəncərəsi bağlansa da sərbəst, müqaviləsi olmayan futbolçuları sifarış etmək mümkündür.

Xəbər 1244 dəfə oxundu.