Avro-2016: 24 komandalıq ilk final və ya son dəfə bir ölkədə
Avropanın ən nəhəng ənənəvi yarışı başlanır


Planetin Dünya kubokundan sonra ən böyük futbol turniri olan Avropa çempionatının final mərhələsi bu gün Sen-Denidəki "Stad dö Frans"da başlanacaq. Düz bir ay ərzində - iyulun 10-dək tarixdə ilk dəfə 24 komandanın iştirakı ilə Avropanın ən güclü futbol ölkəsi müəyyənləşdiriləcək.

Yarışın ev sahibi Fransadır. UEFA-nın qərarına görə, sonuncu dəfə yarış bu formatda keçirilir. Gələn qitə çempionatı, ilk turnirdə olduğu kimi, qarışıq sistemlə təşkil ediləcək və həlledici qarşılaşmalara London ev sahibliyi edəcək.

2010-cu ildə mayın 28-də keçirilən səsvermədə Türkiyə (1-ci raundda - 38, ikincidə 6 səs) və İtaliya (birinci raundda 23 səs) ilə ikiraundluq rəqabətdə qalib gəlmiş Fransa (birinci raundda - 43, ikincidə 7 səs) 24 komandalıq yarışa 10 arena ayırıb. Beləliklə, 1996-cı ildən bu yana tətbiq edilən 16 kollektivli yarış sistemi tarixə çevrilir. İndi futbolsevərlər final mərhələsinin 31 oyunu əvəzinə, bir ay ərzində 51 qarşılaşmanı izləmək hüququ əldə etmiş olurlar.

Əlbəttə, yeni format mübarizə baxımından diqqəti cəlb etmir. Çünki əvvəlki reqlamentlə indiki yarışda yer alan komandaların nə vaxtsa bu turnirə düşəcəyi bir nağıla bənzəyərdi. Buna görə də əsl rəqabət pley-off mərhələsində olacaq.

Söz yox ki, ənənəvi formatdan kənara çıxsaq, hər qrupun öz mürəkəbbliyi var. Yeri gəlsə, elə ev sahibinin özünü də favorit saymaya bilərik. Bu mənada yalnız doğma divarlar onlara əlavə güc və stimul sayıla bilər. İngiltərə, İspaniya, İtaliya və Portuqaliiya da şərti lider sayılmalıdırlar. Bəlkə də almanları qrup favoriti kimi istisna edə bilərik. Çünki onlar final mərhələlərində həmişə bacardıqları qədər amansız olublar. Lap favoritlər bəlli olsa da, bütün qruplarda 2-3-cü yerlər uğrunda amansız rəqabət gözləməyə dəyər.

Hər şeyə rəğmən, ötən il dekabrın 12-də atılmış püşklə Türkiyə və İspaniyanın yer aldığı "D" qrupunu "ölüm qrupu" adlandırmaq olar. İlk baxışda, sonuncu qitə çempionu açıq favoritdir. Amma üslub və tərz baxımından bir-birinə yaxın, hərçənd təfəkkür baxımından elə o qədər də uzaq olan məmləkətlərin rəqabəti sürprizlə də başa çata bilər.

Turnirdə Almaniya (11 dəfə), İspaniya (9 dəfə), Fransa, İngiltərə, İtaliya (hərəsi - 8 dəfə) kimi stajlı iştirakçılarla yanaşı, debütant bolluğunun olması da təsadüf sayılmamalıdır. Albaniya, İslandiya, Slovakiya, Şimali İrlandiya və Uels ilk dəfə final mərhələsində qüvvələrini sınayacaqlar. Onu da əlavə edək ki, Avstriya ilə Ukrayna da ilk dəfədir ki, turnirə seçmə yolu ilə qatılırlar. Çünki bundan əvvəlki yeganə sınaqlarını ev sahibi kimi ediblər.

Hər komanda heyətinə 3-ü qapıçı olmaqla, 23 futbolçu cəlb edə bilər. Amma ilk oyunu keçirənə qədər futbolçulardan hər hansı biri zədələnərsə, onun yerinə başqasını sifariş etməyə icazə veriləcək.

Avropa çempionatının tarixindən də qısaca bəhs edək. Tarixini 1927-ci ildə Fransa Futbol Assosiasiyasının baş katibi Anri Delonenin FİFA-nın iclasında verdiyi təklifdən götürən yarış düz 30 il ilk turnirinin həsrətini yaşayıb. 1958-ci ildə ilk matçında SSRİ yığma komandasının heyətində Ələkbər Məmmədovun da çıxış etdiyi ilk final turnirinin həlledici oyunu 1960-cı ildə keçirildi və o vaxtdan bu yana hər 4 ildə bir dəfə keçirilir.
Final mərhələsində əvvəlki illərin bütün qalibləri Almaniya (3-qat çempion - 1972,1980, 1996), Fransa (2-qat - 1984, 2000), İspaniya (2-qat - 2008, 2012), İtaliya (1968) iştirak edirlər. UEFA Rusiyanı (SSRİ-nin - 1960) və Çexiyanı (Çexoslovakiyanın - 1976) varis kimi qəbul edir.


Xəbər 2066 dəfə oxundu.