Rusiya yığması Bakıda ilk oyununu keçirdi
Qadın otüstü hokkeyçilərimiz bu il aprelin 25-dən mayın 6-dək Yaponiyanın Kakamiqahara şəhərində təşkil olunacaq London Yay Olimpiya Oyunlarına seçmə turnirdən yeganə vəsiqəni qazanmaq üçün ciddi hazırlığı davam etdirirlər. İdman.com.az saytının məlumatına görə, qarşıdakı məsul yarışda rəqiblərimiz Yaponiya, Malayziya, Belarus, Avstriya və Çili komandaları olacaq. Reqlamentə əsasən, olimpiya oyunlarında iştirak etmək hüququ verən yeganə vəsiqənin sahibi yalnız birinci yeri tutmalıdır.

Qarşıdakı məsul yarışa daha səylə hazırlaşmaq məqsədilə ikitərəfli razılaşmaya görə, Rusiyanın qadın hokkeyçiləri fevralın 15-də təlim-məşq və test oyunları keçirmək üçün Bakıya gəliblər. Onu da qeyd edək ki, Rusiyanın milli komandası da martın 17-dən 25-dək Belçikada təşkil olunacaq daha bir olimpiya seçmə turnirində iştirak edəcək. Bu gün ilk yoldaşlıq görüşünün birinci yarısında baş məşqçi Adil Paşayevin rəhbərlik etdiyi milli komandamız rəqib qapısına yol tapa bilməyib. Elə Rusiya təmsilçiləri də qol sevinci yaşamayıblar.

Fasilədən sonra tərəflər hücum hokkeyinə üstünlük versələr də, həmyerlilərimizin ərazi üstünlüyü yenə də qola çevrilmədi. Əvəzində ruslar 2-ci hissənin sonuna yaxın 1 qol vuraraq minimal hesablı qələbə qazandılar. Rusiya və Azərbaycan milliləri arasında 2-ci oyun fevralın 18-də baş tutacaq. Bazar günü istirahət edən komandalar fevralın 20-də və 21-də daha 2 dəfə qarşılaşacaqlar. Bütün oyunlar saat 16.30-da başlayacaq.

Xəbər 1196 dəfə oxundu.