“Qəbələ”nin futbolçuları Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya ediblər
Gənclərin idmanla yanaşı intellektual inkişafının təminatını daim diqqətdə saxlayan “Qəbələ” idman klubu bu istiqamətdə daha bir təşəbbüs həyata keçirib.

“Qəbələ” futbol akademiyasının 15 yaşadək futbolçulardan ibarət komandasının oyunçuları üçün Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya təşkil olunub. Gənc futbolçular əvvəlcə Pirqulunun gözəl təbiətini gəzib, rəsədxananın Astronomiya Muzeyini seyr edib və alimlərin iş şəraiti ilə tanış olublar.

Müəssisənin böyük elmi işçisi Bahadır Abdullayev “Qəbələ” futbolçularını salamlayaraq onlara astronomiya elmi, rəsədxana, teleskop və göy cisimləri haqqında geniş məlumat verib. Muzeyin eksponatları sırasında 1959-cu il noyabrın 27-də Yardımlı rayonu ərazisinə düşmüş, tərkibi 92 faiz dəmir olan 127 kiloqramlıq meteorit gənclərin xüsusi marağına səbəb olub.

Sonra rəsədxananın elmi katibi, astronomiya üzrə fəlsəfə doktoru Orxan Xəlilov və baş mütəxəssisi, bələdçi Müşfiq Hüseynov gənc oyunçulara Günəş sistemi, o cümlədən qalaktika, ulduz və planetlərdən ətraflı bəhs ediblər. Qəbələdən olan qonaqlar gecə saatlarında teleskopla Mars və Saturn planetlərini müşahidə ediblər.

Xəbər 827 dəfə oxundu.