Azərbaycan güləşçiləri dünya kuboku yarışlarında qüvvələrini sınayacaqlar
Los-Ancelesdə böyüklər arasında sərbəst güləşi üzrə dünya kuboku yarışları keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri iştirak edəcəklər.

Dünya kuboku yarışları iyunun 11-dən 12-dək davam edəcək.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə “B” qrupunda mübarizə aparacaq. “A” qrupunda isə Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayacaq.

Yarışda yığma komandanın məşqçisi Sadruddin Ayqubovun rəhbərliyi altında 10 güləşçimiz iştirak edəcək. Heyətdə Mahmud Məhəmmədov (57 kq), Cahid Həsənzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Səid Həmidov (125 kq) yer alıb.

Yarışın proqramına əsasən, iyunun 11-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlamışdı.

Xəbər 663 dəfə oxundu.