Azərbaycan velosipedçisi “Grand Prix of İSD” yarışını ikinci pillədə başa vurub
Ukraynada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Grand Prix of İSD” yarışı Azərbaycanın U-23 yığması və "Synergy Baku" kontinental komandasının üzvü Samir Cəbrayılov üçün uğurlu nəticə ilə yadda qalıb.

Velosipedçimiz fəxri kürsünün ikinci pilləsinə qalxıb. 153 kilometr məsafəni Qazaxıstanın “Astana City” komandasının üzvü Nurbolat Kulimbekovla eyni vaxtda keçən S.Cəbrayılov rəqibindən azacıq geri qalıb və 2-ci nəticə göstərib - 3 saat, 25 dəqiqə, 24 saniyə. Finiş xəttini 3-cü və 4-cü keçənlər də "Astana City" komandasının üzvləri olub.

"Synergy Baku" bu yarışda U-23 yığma komandamızın 4 üzvü ilə təmsil olunub. Digər 3 velosipedçimizin nəticələrinə gəlincə, Elgün Əlizadə 8-ci, İsmayıl İlyasov 20-ci, Kənan Qəhrəmanlı 25-ci yeri tutub. Ümumilikdə isə yarışda 19 komandanın tərkibində 104 velosipedçi start xəttinə çıxıb ki, onlardan da 21-i mübarizəni yarımçıq dayandırıb.

Xəbər 773 dəfə oxundu.