Nazir Azad Rəhimov Baronessa və vitse prezidentlə görüşdü
Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Böyük Britaniyanın Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolsonu və Köln Almaniya İdman Universitetinin vitse prezidenti Prof.Dr. Kristof Bruerini qəbul edib.

Baronessa Nikolson ilə görüş zamanı nazir gənclər və idman sahələrində görülən işlər, ölkəmizdə fəaliyyət göstərən Olimpiya İdman Kompleksləri, Gənclər evləri, eyni zamanda, Qeyri Hökumət Gənclər Təşkilatları, hər iki sahədə həyata keçirilən yerli və beynəlxalq layihələr, qarşıda baş tutacaq Formula 1 Grand Prix, Ümumdünya Şahmat Olimpiyadası və digər yarışlar haqda geniş məlumat verdi. Azad Rəhimov eyni zamanda, Avropa oyunları çərçivəsində Azərbaycan mütəxəssislərinin ingilis mütəxəssisləri ilə sıx əməkdaşlığından, ingilis idmançıalrının yarışlar zamanı yüksək nəticələrindən də söz açdı.

Qarşılıqlı əməkdaşlıq sahəsinə gəldikdə isə, nazir Azərbaycanın müxtəlif ölkələrin universitetləri ilə həyata keçirdiyi “Mən Azərbaycan haqda nə bilirəm?” layihəsini Böyük Britaniyada da reallaşdırmanın mümkünlüyündən, ümumilikdə gənclərin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığından, bununla yanaşı idmançıların qarşılıqlı təlim məşq toplantılarına qatılmalarının mümkünlüyündən danışıb, bütün bunların yüksək nəticələr verə biləcəyindən danışdı. Öz növbəsində Baronessa Nikolson iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb, xüsusi ilə, Azərbaycan hökumətinin fiziki qüsurlu insanlar üçün müxtəlif sahələrdə hayata keçirdiyi layihələri, onların Formula 1 Grand Prix-yə cəlb olunmalarını çox yüksək qiymətləndirib, bu sahədə də əməkdaşlığa geniş şəkildə hazır olduqlarını diqqətə çatdırdı.

Köln Almaniya İdman Universitetinin vitse prezidenti Prof.Dr. Kristof Brueri ilə görüşü çərçivəsində nazir Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyində dəyişikliklər edildiyini, akademiyanın təhsil sistemində yeniliklərin nəzərdə tutulduğunu və bu istiqamətdə Almaniyanın Köln universiteti ilə əməkdaşlığın müsbət nəticələr verə biləcəyini qeyd etdi.

Nazir: “Biz istər idmanın tibb, istərsə də digər sahələrində sözün əsl mənasında peşəkarların yetişməsini istəyirik. Təcrübə öz yerində, lakin elmi biliklərə əsaslanan hər bir sahədə inkişaf köklü şəkildə gedə bilər.” Köln Almaniya İdman Universitetinin vitse prezidenti Prof.Dr. Kristof Brueri səfərdən məmnunluğunu bildirib, akademiyada artıq maraqlı və yeni islahatlar aparıldığnı, fakultələrin sayında, eyni zamanda əhatə dairəsində dəyişiklikərin edildiyini müsbət qiymətləndirib, qarşılıqlı əməkdaşlığın yüksək nəticələr verəcəyinə inandığını bildirdi.

Xəbər 913 dəfə oxundu.