Vüqar Həşimov Memorialının səkkizinci turunda Şəhriyar Məmmədyarov turnirin lideri ilə oynayacaq
Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri davam edir.

Turnirin on iştirakçısından dördü Azərbaycan nümayəndələridir: Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli və Teymur Rəcəbov.

Vüqar Həşimov-2016 Memorialının iştirakçıları arasında Azərbaycan şahmatçıları ilə yanaşı Fabiano Karuana (ABŞ), Aniş Giri (Hollandiya), Sergey Karyakin (Rusiya), Pavel Elyanov (Ukrayna), Pentala Harikrişna (Hindistan), habelə qadınlar arasında dünya çempionu Hou İfan (Çin) vardır.

Bu gün səkkizinci turda aşağıdakı cütlüklər qarşılaşacaqlar: Fabiano Karuana - Şəhriyar Məmmədyarov, Aniş Giri - Hou İfan, Eltac Səfərli - Sergey Karyakin, Teymur Rəcəbov - Pentala Harikrişna, Rauf Məmmədov - Pavel Elyanov.

Yeddi turdan sonra iştirakçıların vəziyyəti belədir: Fabiano Karuana – 5,5 xal, Aniş Giri - 5 xal, Sergey Karyakin, Şəhriyar Məmmədyarov – hərəyə 4 xal, Pentala Harikrişna - 3,5 xal, Rauf Məmmədov, Teymur Rəcəbov - hərəyə 3 xal, Eltac Səfərli, Pavel Elyanov – hərəyə 2,5 xal, Hou İfan – 2 xal.

Vüqar Həşimov Memorialı iyunun 4-də başa çatacaq.

İndiyə qədər iki dəfə bu turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olub.

Xəbər 755 dəfə oxundu.