17 yaşlı futbolçuların Avropa çempionatı finiş xəttində
Ölkəmizdə keçirilən daha bir mötəbər yarışın uğurla başa çatdırılacağına artıq heç bir şübhə yoxdur. Futbolda da yarış təşkilatçılığı ilə bağlı kövrək addımlar təcrübəyə çevrilməkdədir. Söz yox ki, təcrübənin toplanılması ilə bağlı hələ çox təkliflər səsləndirmək olar. Lakin bu məsələ artıq növbəti təşkilatçılıq təşəbbüslərində nəzərə alınmalıdır. Ölkəmizdə 17 yaşlıların qitə çempionatının final mərhələsinin keçirilməsi futbolun inkişaf prizmasından xüsusi bir aksiya xarakteri də ala bilərdi. Deməli, həm piar-təbliğat, həm də məsələnin marketinq cəhətlərinə diqqət artırılsaydı, daha çox effekt əldə etmək olardı. Amma bu təcrübə qarşıdan gələn "Avro-2020"nin təşkilatçılığında nəzərə alınmalıdır ki, belə turnirlərin tarixi təsir gücü daha çox olsun. Doğrudur, sadəcə, həmin turnirdə ölkəmizin payına oyunların bir qismi düşsə də, məsələlər daha dərindən öyrənilməlidir, ona daha ciddi yanaşılmalıdır. Çünki 17 yaşlılarda olduğu kimi, həmin turnir də ölkəmizin milli komandasının ilk final sınağına çevrilə bilər.

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birlikdə Bakı Olimpiya Stadionunda canlı izlədiyi açılış mərasimi ilə başlamış 17 yaşlıların qitə sammitinin final mərhələsinin ilk matçı tarixi nailiyyətlə yadda qaldı. Həm mərasimi, həm də tədbirdən dərhal sonra keçirilmiş Azərbaycan - Portuqaliya qarşılaşmasıni rekord sayda - 33 min azarkeş izləyib. Buna qədər ən çox azarkeşi 2009-cu ildə Maqdeburq şəhərində Almaniya və Niderland komandaları arasında keçirilmiş final oyunu 24 min azarkeş toplamışdı.

Açılış mərasiminin ssenarisinin təməlində qədim və zəngin mədəni dəyərlərimiz dayanmışdı. Rəqqaslar və könüllülər milli ənənələri idman və futbol mövzusunda elementlərlə zənginləşdirərək mərasimə xüsusi ab-hava qatdılar. Əməkdar artist, çempionatın səfiri Röya Ayxan və populyar müğənni Miri Yusifin ifasında yarışın "Biz qalib olmalıyıq!" adlı rəsmi himnini tribunalar coşğu ilə qarşıladılar. Qeyd edək ki, mahnının musiqisi İsmayıl Əsədov və Ramin Vəlibəyovun, sözləri İsmayıl Əsədovundur.
Reqlamentə əsasən, final mərhələsində 53 komanda arasından seçilmiş 16 komanda 4 qrupda olmaqla mübarizəyə başladı. Komandamız üçün bu yarış ilk final sınağı olduğundan, həm də elə ilk oyunda turnirin favoritlərindən biri qismində olan rəqiblə üz-üzə gəlmək ağır olacaqdı. Üstəlik, ev sahibi olduğu üçün rəsmi görüş təcrübəsi məhdud olan futbolçularımız üçün bu sınağın məsuliyyətinin birə-beş artması bir kənara, həm də olimpiya stadionu kimi böyük arenada və on minlərlə azarkeş qarşısında meydana çıxmaq onlar üçün asan deyildi. Zənnimcə, elə bu məqamlar da komandaya təsirini göstərdi. Hələ hesabın da erkən açılması, ardınca komandamızın real qol fürsətini əldən verməsi və get-gedə oyun ritminin itirilməsi yekun 0:5 hesabı ilə böyük məğlubiyyətin başlanğıcı oldu. Hərçənd növbəti matçlar əyani göstərdi ki, yeniyetmə "ay-ulduzlular"ımız digər qrup rəqiblərdən biri ilə debüt etsəydi, daha fərqli nəticə əldə edə bilər, hətta qələbə də qazanardı. Bununla belə, komandanın psixoloji hazırlığı üzərində çox işləmək lazım olduğu da əyani görünür. Söz yox ki, ordan-burdan toplanmış futbolçuları, xüsusən də gəncləri bir araya gətirmək o qədər də asan iş deyil. Üstəlik, bunu qısa müddətdə etmək də qeyri-mümkündür. Çox təəssüf ki, komandanın yarış təcrübəsinin azlığı tamam-kamal, planlı hazırlıq kursunun olmamasından, seleksiya-skautçuluğun peşəkarlıqla aparılmamasından da irəli gəlir. Həmçinin məşqçi korpusu da vaxtında optimal və potensial rəqibləri rəsmi yarışlar dövründə izləmək imkanından məhrum olduğundan bu fürsəti də hazırlıq dövrünün qeyri-müəyyən təşkilatçılıq məsələləri sırasına əlavə edə bilərik.

Komandamız mayın 8-də Belçika ilə görüşdə də əsas diqqəti məhz əvvəlki matçda buraxılan səhvlərdən qorunmağa yönəltmişdi. Hərçənd ilk 20 dəqiqədən sonra daha fəal olmağa da hər bir əsas var idi. Bunu ikinci hissə də təsdiqlədi. Futbolçularımız bir neçə qol imkanını fövtə verdilər. Lakin Boncovanninin 72-ci dəqiqədə hesabı açmasından sonra, özünü itirməyən yeniyetmələrimiz 5 dəqiqə sonra Murad Mahmudovun dəqiq zərbəsi ilə tarazlığı bərpa etdilər. Bu görüş, demək olar ki, qrupda mübarizənin taleyini həll etdi. Çünki son oyunda komandamıza şotlandları daha böyük hesabla yenərək, portuqalların da eyni qaydada belçikalıları məğlub etməsini gözləməli idi. Mayın 11-də isə gərgin rəqabətdə Fərid Nəbiyevin 79-cu dəqiqədə vurduğu qol millimizin final mərhələsində ilk qələbəsinə sevinməyə imkan verdi. Amma növbəti mərhələ üçün bu nəticə yetərli olmadı. Belədə, portuqallar belçikalıları 6 topdan artıq hesabla yenməliydilər. Axı, belçikalılar şotlandları 2:0 hesabı ilə yenmişdilər. Deməli, yalnız möcüzə komandamıza kömək edə bilərdi. Nəticədə 0:0 hesabı hər iki rəqibimizin pley-offa adlamasına səbəb oldu.

Son iki qrup oyununu da qısaca şərh etsək, taktiki çiyliklə yanaşı, bütün məsələləri təkcə məşqçi korpusunun üzərinə atmaq olmaz. Müəyyən strateji səhvləri məhz heyətin natamamlığı, həmçinin futbolçuların mental rəngarəngliyi, meydan və sosium təfəkkür anlayışlarının fərqli olması ilə izah oluna bilər. Bu gözlənilən komplekslərin aradan qaldırılması üçün mütləq fərqli yanaşma tələb edilir. Burada strateji vəzifələr konkret məqsədlərlə uzlaşmalı və planlar uzunmüddətli olmalıdır ki, xeyir-səmərə versin.

Beləcə, tarixində ilk dəfə həlledici mərhələdə çıxış edən Azərbaycan yığması qeyri-rəsmi komanda hesabında 3-cü yeri tutanlar arasında, topların fərqinə görə, yalnız danimarkalıları irəli buraxaraq, 10-cu yerə bərabər nəticə ilə final mərhələsində debütünü başa vurdu. Maraqlıdır ki, çətin qruplarda yer almış İtaliya və Fransa kimi nəhəng futbol ölkələrinin yeniyetmələri də yarışı qrupda başa vurdular. İtalyanlar 3 xal topladılarsa, fransızlar cəmi 1 heç-heçə ilə kifayətləndilər.

Qeyd edək ki, ilk tarixi final mərhələsində komandamızın şərəfini qorumaq sifariş olunmuş bu futbolçulara verilmişdi: qapıçılar - Kamran İbrahimov ("Neftçi"), Məmməd Hüseynov ("Qarabağ") və Murad Popov ("Qəbələ"); müdafiəçilər - Hüseyn Seyliğli, Ege Atlam (hər ikiksi - "Beşikdaş", Türkiyə), Ricat Qarayev ("Sumqayıt"), Yusif Həsənov ("Xəzər-Lənkəran"), İsmayıl Qaraqaş ("Trabzonspor", Türkiyə), Elçin Əsədov ("Neftçi"); yarımmüdafiəçilər - İbrahim Qədirzadə ("Xəzər-Lənkəran"), Fərid Nəbiyev ("Qəbələ"), Mətin Gülər ("Beşikdaş", Türkiyə), Ceyhun Muxtarlı, Süleyman Əhmədov ("İnter"), Barış Əkinçiər ("Rot-Vayss Essen", Almaniya); hücumçular - Doğukan Öksüz ("Trabzonspor", Türkiyə), Pilağa Mehdiyev ("Neftçi"), Nadir Qasımov ("İnter"), Murad Mahmudov ("RB Laypsiq", Almaniya).

1/4 final mərhələsində mayın 14-də Portuqaliya Avstriyaya qalib gələrək (5:0) yarımfinala çıxıb. Həmin gün, Almaniya Belçikaya, ertəsi günü İspaniya İngiltərəyə, Niderland isə İsveçə eyni minimal hesabla (1:0) qalib gələrək, yarışın 4 ən güclü komandası sırasında yer alıblar. 1/2 final mərhələsinin oyunları (Portuqaliya - Niderland, İspaniya - Almaniya) mayın 18-də keçiriləcək. Mayın 21-də final görüşü ilə turnirə yekun vurulacaq.

BATI YAR



Xəbər 587 dəfə oxundu.