Məmmədyarov: Azərbaycan şahmatçıları bir-birinə qarşı rahat hazırlaşır
Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirə turnirinin VII turunda Azərbaycan çempionu Eltac Səfərli milli komandanın lideri Şəhriyar Məmmədyarova uduzub. Eltac partiyadan sonra keçirilən mətbuat konfransında oyun haqda bunları deyib:

"Şəhriyara qarşı oynamaq asan deyil. Bir-birimizi çoxdan tanıyırıq. Demək olar ki, çoxlu sayda yarışlarda iştirak etmişik. Məmmədyarov debütdən üstünlük qazandı və sona qədər onu davam etdirdi. Ümumilikdə Şəmkirdəki çıxışım haqda razıyam deyə bilmərəm. Çətin partiyalar oynadım. Daha yaxşı çıxış edə bilərdim".

Sumqayıt şahmat məktəbinin yetirməsi Şəhriyar Məmmədyarov isə Eltac Səfərliylə oyunundan razı olduğunu bildirdi: "Sonuncu dəfə "Naxçıvan Open"də oynamışıq. Orada heç-heçə olmuşdu. Ümumiyyətlə Azərbaycan şahmatçıları bir-birini yaxşı tanıyır. Biz aramızda heç vaxt rəqabət olmayıb. Yəni millidə olduğumuz zaman bir-birimizə kömək etmişik. Debütdən istifadə zamanı komanda yoldaşlarımıza dəstək olmuşuq. Ona görə Azərbaycan şahmatçıları bir-birinə rahat hazırlaşır. Mən Eltacı, o da məni yaxşı tanıyır".

Məmmədyarov 7 turdan sonra çıxışı haqda danışmaq istəmədiyini söyləyib: "7 turdan sonra yekun haqda danışmağın əleyhinəyəm. "Qətər Open"də 7 tur lider oldum. Son 2 turda məğlub olaraq ilk 20-yə düşmədim. Son 2 tur çox vacibdir. Bəlkə bəziləri son partiyaları vacib saymır. Lakin yarış sona qədər oynanılır. Hələ turnir cədvəlində çox dəyişiklik ola bilər".

Xəbər 784 dəfə oxundu.