Bakı, Paris və Rio-de-Janeyro bu ilin ən populyar üç idman şəhəridir
Bu ilin ən populyar üç idman şəhəri Bakı, Paris və Rio-de-Janeyrodur. Dünyanın diqqət mərkəzində olan Azərbaycan paytaxtında keçiriləcək “Formula-1” Avropa Qran-prisini izləmək üçün ölkəmizə 10 mindən artıq turistin gələcəyi gözlənilir.

Bu barədə Rusiyanın “Travel turizm” xidməti məlumat yayıb. Xidmətin apardığı statistikaya əsasən, bu il Azərbaycana səyahət etmək istəyən rusiyalı turistlərin sayı ötən ilə nisbətən 90 faiz artıb. “Travel turizm” bu qənaətə 260 min rusiyalı səyyah arasında apardığı sorğu nəticəsində gəlib. Respondentlərin 90 faizi dincəlmək üçün Bakıya bilet aldıqlarını açıqlayıb. Onların da böyük əksəriyyəti “Formula-1” Avropa Qran-prisini izləyəcək turistlərdir.

Dünyanın ən elit yarışlarından olan “Formula-1”in Bakı mərhələsinə üç həftədən də az vaxt qalıb. Odlar Yurdunun paytaxtı qonaqları qəbul etmək üçün ciddi hazırlaşır. Mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün görülən işlər artıq başa çatmaq üzrədir. Özünəməxsus xüsusiyyətlərə sahib Bakı şəhər halqası elə təşkil olunub ki, yarış zamanı qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan İçərişəhər Tarix-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar simasını görəcəklər. Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək. Bu məşhur yarış 190 ölkədə 500 milyondan artıq azarkeş tərəfindən izlənəcək. Bakıda keçiriləcək yarışlara maraq böyükdür.

Xəbər 563 dəfə oxundu.