Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” superturnirinin açılış mərasimi keçirilib
Mayın 25-də Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” superturnirinin açılış mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək Şəmkirin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu deyib, iştirakçılara uğurlar arzulayıb.

Gənclər və idman naziri Azad Rəhimov mərhum qrossmeyster V.Həşimovun ömrünü öz vətəninin əsgəri kimi Azərbaycanın idman şərəfini qorumağa sərf etdiyini bildirib. O, V.Həşimovun 27 yaşınadək dünyada unudulmayacaq iz qoyub getdiyini vurğulayıb. Nazir mərhum şahmatçının özünəməxsus oyunu ilə böyük hörmət qazandığını və bunun nəticəsində müxtəlif ölkələrdən tanınmış şahmatçıların onun xatirə turnirinə təşrif buyurduqlarını söyləyib. A.Rəhimov şahmatçımızın yığma komandamızdakı xidmətlərindən danışıb və qrossmeysterimizin dünyanın ən güclü şahmatçılarından biri olduğunu qeyd edib.

FİDE prezidenti Kirsan İlümjinov Azərbaycanda olmağından məmnunluğunu ifadə edib. O, Vüqar Həşimovun xatirə turnirinin ənənəvi hal aldığını bildirib: “Bu turnir FİDE-nin təqvimində xüsusi yer tutur. Burada ən güclü şahmatçılar mübarizə aparırlar. Azərbaycanda şahmata dövlət səviyyəsində diqqət göstərilir. Ölkə rəhbərliyinə şahmata göstərdiyi qayğıya görə minnətdarlığımı bildirirəm. Dünən 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması ilə bağlı geriyə sayıma start verildi. Əminik ki, Bakı Şahmat Olimpiadası dünya şahmat tarixində indiyədək keçirilən ən yaxşı olimpiada olacaq”.

AŞF-nin vitse-prezidenti Mahir Məmmədov yarışın əhəmiyyətindən söz açıb: “Artıq 3-cü ildir Vüqar Həşimovun xatirə turniri uğurla keçirilir. Vüqarın bizimlə olmamasını qəbul etmək çətindir. Bu turnir onun xatirəsini yaşatmaqda önəmli rol oynayır. “ShamkirChess-2016” turniri dünya şahmatsevərləri tərəfindən səbirsizliklə gözlənilir. Yüksək səviyyəli yarışa görə təşkilatçılara minnətdarlığımı bildirirəm".

O, Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının da uğurla təşkil ediləcəyinə əminliyini bildirib.

Vüqarın atası Qasım Həşimov turnirdə iştirak edənlərə təşəkkür edib: “Ötən il demişdim ki, bu turnir ənənə halını alacaq. Artıq növbəti turnirə start verilir. Bu, Vüqar Həşimovun dünya şahmat tarixində iz buraxdığını göstərir. İnsanlar mənə daim böyük hörmətlə yanaşırlar. Bu da məni qürurlandırır. Bilirəm ki, bu turnir ölkə rəhbərliyinin də diqqətindədir”. Qasım Həşimov şahmata dövlət səviyyəsində göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonra “ShamkirChess 2014 və 2015” turnirlərindən hazırlanmış videoçarx nümayiş olunub.

“Synergy Group” şirkətinin icraçı direktoru Qüdrət Seyfullayev çıxış etdikdən sonra turnir açıq elan olunub.

Daha sonra yarışın püşkatma mərasimi keçirilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess” superturniri artıq 3-cü dəfədir təşkil olunur və dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri kimi qəbul edilir. Budəfəki yarışda Fabiano Karuana (ABŞ, 2804), Aniş Giri (Hollandiya, 2790), Sergey Karyakin (Rusiya, 2779), Pavel Elyanov (Ukrayna, 2765), Harikrişna Pentala (Hindistan, 2763), qadınlar arasında dünya çempionu Hou Yifan (Çin, 2663) və Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov (2748), Teymur Rəcəbov (2726), Eltac Səfərli (2664) və Rauf Məmmədov (2655) mübarizə aparırlar.

Xəbər 625 dəfə oxundu.