Fateh Kavlak: Hər şey öz əlimizdədir
“Bu oyunda qələbə bizə çox önəmli idi. Futbolçuların meydanda göstərdiyi mübarizə ilə buna nail olmaları bizi daha çox sevindirir”. İdman.com.az saytının məlumatına görə, bu fikri apasport.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Fateh Kavlak deyib. Türkiyəli çalışdırıcının rəhbərlik etdiyi komanda qış fasiləsindən sonra ilk oyunda bu gün səfərdə “Simurq”a 1:0 hesabı ilə qalib gəlib. Daha çox nəticədən razı qalan Kavlak komandasını vacib qələbə münasibətilə təbrik edib:

“Futbolçularımız meydanda yaxşı çalışdılar. Düzdür, süni örtüklü meydanda oynamaq çətindir. Ancaq indiki vaxtda belə qazonda oynamaq daha yaxşıdır. İstənilən halda, bu, oyunun səviyyəsinə təsir edir. Oyunumuzu qış fasiləsinə qədər olan dövrlə müqayisə etsək, bir az zəif olduğunu deyə bilərəm. Ancaq bu il ilk rəsmi matçımız idi. Çempionatda xeyli müddətdir fasilə olduğunu nəzərə almaq lazımdır. Bizim üçün daha vacib olan nəticə idi ki, bunu da qazandıq. Yeni transferlərdən razı qaldım. Onlar işlərini yerinə yetirdilər”.

Azərbaycanda hər bir komandaya hörmətlə yanaşan Kavlak hər bir rəqiblə sınağın çətin olduğunu düşünür. Ancaq onu da nəzərə almaq lazımdır ki, artıq “Bakı” ilə xalları bərabərləşdirən “Qəbələ” “Simurq”u “altılıq” mübarizəsindən kənarlaşdırıb, üstəlik, AZAL-ın uduzmağı ilə işi daha da yaxşılaşıb. 37 yaşlı çalışdırıcı bir qədər fərqli düşünür: “Biz rəqiblərimizin oyunu yox, ilk növbədə öz çıxışımız maraqlandırır. Onsuz da biz ən yaxın izləyicimiz AZAL-dan, digərlərindən qabaqdayıq. Yəni onların bizə çatmaq şansı yoxdur. Təbii ki, bunun üçün qalan oyunlarda qalib gəlməyimiz vacibdir. Bu üzdən hər şey öz əlimizdədir və mübarizəmizi sona kimi uğurlu davam etdirməyə çalışacağıq”.

Xəbər 981 dəfə oxundu.