“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının 8 turu arxada qalıb
“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalında səkkizinci turun oyunları keçirilib.

Festivalın “A” qrupunun liderlərindən olan ukraynalı beynəlxalq qrossmeyster Yuriy Kuzubov hollandiyalı beynəlxalq qrossmeyster Sergei Tiviakovla qarşılaşıb. Görüş hər iki rəqibin istədiyi kimi başa çatıb və şahmatçılar xalları yarı bölüblər.

Bu turda digər heç-heçələr azərbaycanlı beynəlxalq qrossmeyster Azər Mirzəyevlə ukraynalı beynəlxalq usta Sergey Pavlov, gürcüstanlı şahmatçı İrakli Beradze ilə azərbaycanlı beynəlxalq qrossmeyster Nicat Abasov arasında da qeydə alınıb. Turnirin iki liderindən biri - azərbaycanlı beynəlxalq qrossmeyster Eltac Səfərli isə bu turda rusiyalı beynəlxalq qrossmeyster Yevgeni Alekseyevi məğlub edib.

Festivalın 1 nömrəli şahmatçısı, azərbaycanlı beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov bu turu da qələbə ilə başa vurub. O, azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərovu məğlubiyyətə uğradıb. Rusiyalı beynəlxalq qrossmeyster Vladimir Burmakin isə iranlı beynəlxalq usta Omid Norooziyə qalib gəlib.

Naxçıvanlı zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov üçün 8-ci tur uğurlu alınıb. 16 yaşlı şahmatçımız azərbaycanlı beynəlxalq usta Nərmin Məmmədovanı məğlub edərək xallarının sayını 3,5-ə yüksəldib. Digər FİDE ustası Toğrul Həsənzadə isə belaruslu beynəlxalq qrossmeyster Vadim Malaxatko ilə heç-heçə oynayıb. Beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev bu turda türkiyəli FİDE ustası Cankut Emiroğlu ilə xalı yarı bölüb.

Şahmat festivalının “B” qrupunda uğurla mübarizə aparan naxçıvanlı zəka sahibi Vüsal Abbasov bu turu da qələbə ilə başa vurub. O, iranlı Kian Maşmoolini məğlub edərək liderliyini qoruyub. Hazırda aktivində 7 xalı olan şahmatçımız qrupun şəriksiz lideridir.

“C” qrupunda isə 3 zəka sahibi liderlik edir ki, onlardan da biri naxçıvanlı şahmatçı Sadiq Qarayevdir. 8-ci turda Fərid Orucovla xalları yarı bölən şahmatçımız aktivinə daha yarım xal yazdırıb. Onun kimi 7 xal toplayan digər iki şahmatçı Kənan Qasımov və İsmayıl Qurbanov bu turu qələbə ilə başa vurublar.

Xəbər 773 dəfə oxundu.