İlk “beşlik” uğrunda gərgin mübarizə
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında X turun oyunları baş tutacaq. İdman.com.az saytının məlumatına görə, Bakı İdman Sarayında keçiriləcək görüşlərdən sonra lider dəyişikliyi ola bilər.

Bu, “Azərreyl”in istirahət edəcəyi turda “Azəryoloservis”in “Bakı”ya uduzacağı halda baş verəcək. Çünki hesabat turunda liderliyi əldən verən Ancelo Vercesinin komandası, bu dəfə onu geri qaytarmaq arzusundadırlar. Bundan əlavə, onlar həm də son matçlardakı məğlubiyyətlərini “Azəryoloservis” üzərindəki qələbə ilə sığortalaya bilərlər.

Lakin “Bakı” bunu bacarmayacağı təqdirdə, “Rabitə” birinci pilləyə yüksələ bilər. Çünki “İqtisadçı” ilə günün mərkəzi görüşündə Zoran Qayiçin rəhbərliyində olan voleybolçular aşkar favoritdirlər. Bu mövsüm hələ məğlubiyyət acısı yaşamayan “Rabitə”nin “tələbələr”lə dueldə xal itirəcəyi inandırıcı deyil.

Düzdür, “İqtisadçı” da matça iddialı çıxacaq. Çünki avrokubokla vidalaşan “universitet komandası” ümidini yalnız Super Liqaya bağlayıb. Türkiyəli Bülənd Qarslıoğlunun baş məşqçi postuna gətirilməsindən sonra qələbələri sıralamaları da onlarda əlavə ruh yüksəkliyi yaradıb. Bu səbəbdən də oyunun gərgin keçəcəyi gözlənilir.

Turun digər - “Lokomotiv Biləcəri” – “Lokomotiv” görüşündə isə ikincilərin qələbə qazanacaqları mütəxəssislərdə şübhə doğurmur. Onların autsayderlə matçda bir set belə uduzacaqları da gözlənilmir.

Qeyd edək ki, ölkə çempionatında final mərhələsinə 5 komanda vəsiqə qazanacaq. Klublar mübariəyə 0 xaldan başlayacaqlar. Dairəvi sistemə üzrə keçiriləcək yarışda ən çox xal toplayan Sepur Liqanın qalibi sayılacaq.

17 fevral
X tur

15:00. “Azəryoloservis” – “Bakı”
İlk oyun: “Bakı” – “Azəryolservis” - 3:0 (25:14, 25:20, 25:13)

17:00. “Lokomotiv Biləcəri” – “Lokomotiv”
İlk oyun: “Lokomotiv” – “Lokomotiv Biləcəri” - 3:0 (25:9, 25:11, 25:17)

19:00. “Rabitə” - “İqtisadçı”
İlk oyun: “İqtisadçı” – “Rabitə” - 1:3 (12:25, 25:17, 23:25, 18:25)


O Q M S T X

1.«Azərreyl» 7 6 1 18-7 656:495 13
2.«Bakı» 8 5 3 18-7 651:585 13
3.«Rabitə»6 6 0 18-1 467:305 12
4.«İqtisadçı» 7 4 3 13-12 594:579 11
5.«Lokomotiv» 6 3 3 12-9 383:433 9
6.«Azəryolservis» 8 1 7 6-21 515:644 9
7.«Lokomotiv Biləcəri» 8 0 8 0-24 365:601 8

Xəbər 1083 dəfə oxundu.