“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının 7-ci turu azərbaycanlı şahmatçılar üçün uğurlu olub
“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının 7-ci turu yekunlaşıb. Bu tur “A” qrupunda iki liderin qarşılaşması ilə yadda qalıb. Azərbaycanlı beynəlxalq qrossmeyster Eltac Səfərli ukraynalı beynəlxalq qrossmeyster Yuri Kuzubovu sınağa çəkib. Məğlubiyyətsiz irəliləyən rəqiblər bu görüşdə də ağ-qara taxtadan heç-heçə ayrılıblar.

Qrupun ən çox əmsallı şahmatçısı beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov belaruslu beynəlxalq qrossmeyster Vadim Malaxatko ilə üz-üzə gəlib və növbəti bir xalını qazanıb. Maraqla gözlənilən oyunlarda hollandiyalı beynəlxalq qrossmeyster Sergei Tiviakov rusiyalı beynəlxalq qrossmeyster Yevgeni Alekseyevlə, ukraynalı beynəlxalq usta Sergey Pavlov isə almaniyalı beynəlxalq qrossmeyster İqor Xenkinlə qarşılaşıb. Rəqiblər sonda xalları yarı bölməyə məcbur olublar. Ağ-qara taxtanı yarım xalla tərk edənlər siyahısında festivala uğurla başlayan türkiyəli 17 yaşlı FİDE ustası Sevgi Volkan da var. O, azərbaycanlı beynəlxalq qrossmeyster Günay Məmmədzadə ilə heç-heçə edib. 7-ci turda gözlənilməz nəticələrdən birinə də azərbaycanlı beynəlxalq qrossmeyster Azər Mirzəyev imza atıb. O, rusiyalı beynəlxalq qrossmeyster Vladimir Burmakini məğlub edərək aktivindəki xalların sayını 5-ə yüksəldib.

Naxçıvanlı FİDE ustası 16 yaşlı Pərviz Qasımov bu turda türkiyəli FİDE ustası Cankut Emiroğlu ilə qarşılaşmada məğlub olub. Digər şahmatçılarımızdan FİDE ustası Toğrul Həsənzadə FİDE ustası Aydan Höcətova, beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev isə FİDE ustası Vüqar Əsədli ilə qarşılaşıb. Toğrul rəqibini məğlub etsə də, Urfan heç-heçə ilə kifayətlənib.

Bu turdan sonra Eltac Səfərli və Yuriy Kuzubov 5,5 xalla turnir cədvəlinə başçılıq edirlər.

“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının “B” qrupunda maraqla gözlənilən oyun nəhayət ki, baş tutub. Festivala iddialı başlayan və uğurlu çıxışı ilə diqqəti cəlb edən naxçıvanlı zəka sahibi Vüsal Abbasov itkisiz irəliləməkdədir. O, bu turda eyni xala sahib olan iranlı şahmatçı Amer Amini ilə xalları yarı bölüb. Nəticədə, aktivinə daha yarım xal yazdıran şahmatçımız “B” qrupunda 6 xalla lider olan 4 zəka sahibindən biridir.

Festivalın “C” qrupunun turnir cədvəlinə də Naxçıvan şahmat məktəbinin yetirməsi başçılıq edir. 7 turdan sonra 6,5 xal toplayan Sadiq Qarayev liderliyini davam etdirir. 12 yaşlı zəka sahibimiz bu turda qrupun ən çox əmsalı olan şahmatçısı Kənan Qasımovla xalları yarı bölüb.

Xəbər 733 dəfə oxundu.