Azərbaycanda Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının illik toplantıları keçiriləcək
Mayın 14-16-da Bakıda Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) rəhbər orqanları olan İdarəetmə Şurasının və İcraiyyə Komitəsinin görüşləri, həmçinin Federasiyanın Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi komissiyalarının illik toplantısı keçiriləcək. Tədbir Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Qərb Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Tədbirə UİAA-nın prezidenti Frits Vrijlant, UİAA-nın Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Mak-Millan, UİAA-nın icraçı katibi Helen Denis və komissiyanın müxtəlif ölkələrdən olan 50-dən çox nümayəndəsi qatılacaq. Tədbir ərəfəsində qonaqlar Azərbaycanın görməli yerləri, füsunkar təbiəti və dağçılıq imkanları ilə yaxından tanış olmaq imkanı əldə edəcək.

Xatırladaq ki, Bakı UİAA-nın Dağların Mühafizəsi Komissiyasının görüşünə, “Qafqazda ekoturizmin perspektivləri və digər ölkələrin təcrübələri” mövzusunda konfransa, eyni zamanda, beynəlxalq gənclər düşərgəsinə və s. tədbirlərə ev sahibliyi edib.

Tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın bu mötəbər qurumdakı mövqeyini daha da gücləndirib. Əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etməsi nəticəsində beynəlxalq federasiya bu il də mühüm toplantılarının Bakıda keçirilməsini qərara alıb.

FAİREX 2010-cu ildən Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) tamhüquqlu və ən fəal üzvlərindən biridir.

Xəbər 690 dəfə oxundu.