Atıcılıq üzrə Qəbələ III Beynəlxalq Qran-pri yarışları başa çatıb
Qəbələ rayonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə III Beynəlxalq Qran-pri yarışları başa çatıb.

Rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində 9 ölkədən 73 idmançının iştirakı ilə keçirilən beynəlxalq yarışın sonuncu günü gənclər və kişilər arasında atıcılığın dairəvi stend növü üzrə mübarizənin qalibləri məlum olub.

Mayın 13-də keçirilən final yarışlarında Azərbaycanın gənc idmançıları qızıl və gümüş medal qazanıblar. Bakı təmsilçisi Niyaz Ağazadə birinci, “Qəbələ” Atıcılıq Klubunun idmançısı Erik Dençari ikinci yeri tutub. Kişilərin yarışında isə Rusiya idmançısı Valeriy Şomin qızıl medal qazanıb. Yarışda II-IV yerlərə də Rusiya idmançıları çıxıblar. Beşinci yeri isə “Qəbələ” Atıcılıq Klubunun idmançısı Emin Cəfərov tutub.

İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Ülviyyə Hacıyeva təqdim ediblər.

Yeddi gün davam edən Qəbələ III Beynəlxalq Qran-pri yarışlarında qazanılan medalların sayına görə ümumi komanda hesabında Rusiya idmançıları birinci, Azərbaycan atıcıları ikinci yeri tutublar. Azərbaycanı bu mötəbər yarışlarda 26 nəfər təmsil edib ki, onlardan 2-si qızıl, 3-ü gümüş və 2-si bürünc medal qazanıb. Azərbaycanı bu yarışda uğurla təmsil edən Nurlana Cəfərova, Erik Dençari, Əlimirzə Quliyev, İsmət Sərkərov, Sevda Mustafazadə və Mirmömin Ağazadə medal qazanıblar. Yarışda yığma komandamızın üzvləri arasında əsas mükafatları “Qəbələ” Atıcılıq Klubunun idmançıları əldə ediblər.

Yarışın bağlanış mərasimində qeyd olunub ki, “Qəbələ” Atıcılıq Klubu bu cür mötəbər yarışları təşkil etməklə yanaşı, Azərbaycanın milli komandası üçün peşəkar gənc atıcıların yetişdirilməsi işində də mühüm rol oynayır. Klubun idmançıları üçün yaradılan yüksək şərait, onlara göstərilən diqqət və qayğı artıq bəhrəsini verir. “Qəbələ” Atıcılıq Klubunun idman bazası çox yüksək səviyyədə inşa edilib, burada idmançılar və qonaqlar üçün lazımi şərait yaradılıb, müasir məşq yerləri və yarış poliqonu təşkil olunub. Klubun idmançılarının son vaxtlar beynəlxalq yarışlarda ardıcıl olaraq bir neçə dəfə qələbə qazanaraq Azərbaycanın üçrəngli bayrağını dalğalandırması bu sahəyə göstərilən diqqət və qayğının bariz göstəricisidir.

“Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Qran-pri yarışlarında Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən idmançılar yarışıblar. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq, 2014-cü ildən başlayaraq ənənəvi olaraq hər il keçirilən bu yarış Avropa və dünya çempionatlarından sonra ən mühüm yarışlar sırasındadır. Qəbələ III Beynəlxalq Qran-pri yarışlarında Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmış dünyanın tanınmış idmançıları da iştirak ediblər. Bu turnir onlar üçün həm də Olimpiada ərəfəsində sınaq yarışları hesab olunur.

Xəbər 992 dəfə oxundu.