“Ağ-yaşılar”da 2 debutant
Unibank Premyer Liqasının XX turu “Xəzər Lənkəran”da 2 futbolçunun debüt etməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, xorvatiyalı Roberto Alvizlə malili Sadio Tounkara karyeralarında ilk dəfə cənub klubunun formasında meydana çıxaraq, ölkəmizdə də siftə ediblər.

AzAL-la ev matçında sonradan meydana çıxan yarımmüdafiəçilər “Xəzər Lənkəran”ın 8 illik tarixinin bütün oyunçularının ümumi sayını artırıb. Belə ki, həmin oyunadək 139 futbolçuya “ağ-yaşıl” formada rəsmi matça çıxmaq nəsib olmuşdusa, 61-ci dəqiqədə komanda yoldaşını əvəzləyən Alviz 140-cı, ondan 7 dəqiqə az oynayan Sadio 141-ci olub.

Bununla da lənkəranlıların cari mövsümündə debütantlarının sayı 15-ə çatıb. Onlara qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraş, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo, Eldar İsmayılov, Kamal Bayramov, Habil Nurəhmədov və Zahid Quliyev də “Xəzər Lənkəran”da debüt etmişdilər.

Cənub təmsilçisinin şərəfini qorumuş 141 oyunçudan 55-i yerli, 86-sı əcnəbidir. Sonuncu rəqəmin 86-ya çatmasında Alvizlə Tounkaranın da rolu olub. Belə ki, xorvatiyalı 85-ci, malili 86-cı olub. Özü də onların hər ikisi öz ölkəsinin klubumuzdakı ilk təmsilçisi kimi də tarixə düşüb. Belə ki, indiyədək “ağ-yaşılar”da oynamış legionerlər arasında Xorvatiya və Mali vətəndaşı olmamışdı.

Bununla da Lənkəran klubuna təmsil olunan ölkələrin sayı da 32-yə çatdı: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Fil Dişi Sahili, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Mali – hərəsi 1.

Xəbər 991 dəfə oxundu.