Jurnalistlər arasında şahmat turniri keçirilib
Mayın 6-da “Azərbaycan” nəşriyyatında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub. Jurnalistlər arasında keçirilən turnir “Azərbaycan” nəşriyyatının təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının, Milli Olimpiya Komitəsinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının dəstəyi ilə təşkil olunub.

Qeyd edək ki, mayın 3-də Bakı şahmat mərkəzində baş tutmuş yarışda jurnalistlər arasında ümumilikdə 42 oyun keçirilib. İsveçrə sistemi üzrə keçirilən və yeddi turdan ibarət turnirdə 7 media qurumundan 8 jurnalist mübarizə aparıb. Qaliblər yalnız 7-ci turdan sonra müəyyənləşib.

Yarışda AzərTac-ın əməkdaşı Ramiz Quliyev və “Futbolinfo.az” saytının nümayəndəsi Ceyhun Əliyev hərəyə 6 xal toplayıblar. Hakimlərin qərarına əsasən, hər iki şahmatçı birinci yerə layiq görülüblər. Əlavə məlumat üçün bildirək ki, adətən belə hallarda qaliblər FİDE-nin qaydalarına görə, əmsallar cədvəlindən istifadə edilməklə, müəyyən olunur. Üçüncü yeri isə “Novoe Vremya” jurnalının təmsilçisi Mehdi Abbasov tutub.

Turnirin bağlanış mərasimində çıxış edən “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov əvvəlcə jurnalistləri salamladı və görkəmli dövlət başçısı, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə onun Azərbaycanda bütün sahələrə, xüsusən də şahmatın inkişafına göstərdiyi böyük diqqət və qayğısından söhbət açdı. Onun bu siyasi kursunu hal-hazırda prezident İlham Əliyevin uğurla davam etdirdiyini deyən Ağabəy Əsgərov, xalqın intellektual səviyyəsini nümayiş etdirən, ölkənin dünyada tanınmasında mühüm rol oynayan şahmatın inkişafına hələ,1970-ci illərdən etibarən dövlət səviyyəsində xüsusi diqqətin göstərildiyini vurğulayıb. Qeyd edib ki, həmin vaxt respublikaya rəhbərlik edən ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində şəhər və rayonlarda şahmat məktəbləri, klubları tikilib istifadəyə verilib. Azərbaycanda şahmat məktəb və klublarına yeniyetmə və gənc istedadlar cəlb edilməsi ölkəmizdə şahmata marağı daha da artırıb.

Mərasimdə çıxış edən təşkilat komitəsinin məsul katibi Rauf Cəfərov turnirin sayca 19-cu dəfə keçirildiyini və qaliblər barədə məlumat verdi. O, həmçinin ənənəvi şahmat yarışını beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə tərəfindən idarə edildiyini vurğuladı.

Azərbaycan Milli Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Cəmaləddin Rəhmanov və Şahmat üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Fikrət Sideifzadə çıxış edərək qalibləri təbrik etdilər.

Mərasimin sonunda qaliblər xüsusi hədiyyələrlə mükafatlandırıldılar.

Xəbər 782 dəfə oxundu.