Elxan Məmmədov: Azərbaycanda biznes aləmi futbola yaxın olmaq istəyir
“Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 2012-ci il ölkəmizdə “İdman ili” elan olunub. Bu sərəncam Azərbaycanda futbolun, ümumiyyətlə, idmanın inkişafına böyük təkan olacaq”. İdman.com.az saytının xəbərinə görə, bunu AFFA-nın baş katibi deyib.

İsveçrənin Sürix şəhərində FİFA-nın mənzil-qərargahında bu il Azərbaycanda təşkil olunacaq “U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012” ilə bağlı görüş haqda fikirlərini açıqlayan Elxan Məmmədov bildirib ki, ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlərin dünya çempionatının sponsoru olması müsbət haldır:

“Bu gün Azərbaycan futbolu və biznes aləmi üçün mühüm bir gündür. Çünki bu il Azərbaycanda keçiriləcək U-17 qadınlararası dünya çempionatının yerli tərəfdaşları FİFA-nın mənzil-qərargahına dəvət olunub və FİFA nümayəndələri ilə görüş keçirilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda biznes aləmi futbola yaxın olmaq istəyir.

Ölkə futbol ictimaiyyəti adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Xalq Bank-a və Bakcell şirkətinə minnətdarlığımızı bildiririk. Çünki adıçəkilən tərəfdaşlar bu il Azərbaycanda keçiriləcək böyük futbol bayramında futbol ailəsinin yanında olacaqlar”.
Qeyd edək ki, Elxan Məmmədov çempionatın Yerli Təşkilat Komitəsinin sədridir.

Xəbər 950 dəfə oxundu.