Neftçinin oyunçuları Gəncədə daşa basıldı
Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində Gəncədə keçirilən "Kəpəz" - "Neftçi" matçından sonra xoşagəlməz olaylar yaşanıb. Qarşılaşmanın sonlarında meydan sahiblərinin qapısına təyin olunan penaltidən sonra gəncəli azarkeşlər "Neftçi"nin futbolçularına tərəf plastik su qabları atmağa başlayıblar.

Hakimin final fitindən dərhal sonra isə qonaq komandanın üzvləri daşa basılıb. Düzdü, azarkeşlər həmin daşları futbolçulara yox, onların yanına atıb. Amma buna görə qonaq komandanın üzvləri 15-20 dəqiqə meydanı tərk edə bilməyiblər və mərkəzdə toplaşaraq olayların yatırılmasını gözləyiblər.

Maraqlıdır ki, hadisə baş verərkən yerli polis "ağ-qaralar"a kömək etmək istəməyib. Onlar müəyyən vaxt keçdikdən sonra fikirlərini dəyişiblər və tribunaları boşaltmağa başlayıblar. "Neftçi" futbolçuları məhz ondan sonra paltardəyişmə otağına yollanmaq imkanı qazanıblar.

Xəbər 988 dəfə oxundu.