Ali təhsil müəssisələrinin işçiləri arasında respublika spartakiadası keçirilir
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin işçiləri arasında respublika spartakiadası keçirilir.

Spartakiadaya idmanın 5 növü - şahmat, dama, nərd, voleybol və stolüstü tennis daxildir. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının Şahmat-Dama klubunda nərd, şahmat və dama yarışlarına start verilib.

Nərd üzrə yarışda 11 kişi komandası iştirak edib. Onlar arasında fəxri kürsünün ən yüksək pilləsinə Milli Aviasiya Akademiyasının təmsilçiləri qalxıblar. Azərbaycan Dövlət İqtisad Universiteti komandası ikinci, Sumqayıt Dövlət Universiteti isə üçüncü olub.

Şahmat üzrə yarışda 9 qadın və kişi komandası mübarizə aparıb. İlk üçlükdə Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti kollektivləri qərarlaşıblar.

Dama üzrə yarışda qaliblər 7 kişi və qadın komandaları arasında müəyyənləşib. Milli Aviasiya Akademiyasının təmsilçiləri birinci, Sumqayıt Dövlət Universiteti ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü yeri tutublar.

Xəbər 723 dəfə oxundu.