Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkü atılıb
Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib.

Püşkatma mərasimi İstanbulda Rio Olimpiadasına II Dünya təsnifat turniri zamanı keçirilən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında baş tutub.

“B” qrupunda yer alan yunan-Roma güləşi üzrə Azərbaycan təmsilçilərinin rəqibləri İran, Türkiyə və İran yığmaları olacaq. “A” qrupunda isə Rusiya, Belarus, Almaniya və Qazaxstan pəhləvanları mübarizə aparacaq.

Sərbəst güləşçilər “B” qrupunda İran, Hindistan və ABŞ millilərinə qarşı döyüşəcək. “A” qrupunda xalça üzərinə Rusiya, Gürcüstan, Türkiyə və Monqolustan təmsilçiləri çıxacaq.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları mayın 19-20-də İran İslam Respublikasının Şiraz şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, iyunun 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandamız tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub, sərbəst güləşçilərimiz isə yarışları 3-cü yerdə başa vurub.

Xəbər 656 dəfə oxundu.