Topaz Premyer Liqasında 34-cü tur həyəcanı
Bu gün Topaz Premyer Liqasında 34-cü turun oyunları keçiriləcək. Bu dəfə də turun bütün matçları eyni gündə baş tutacaq.

Son turda "Neftçi"yə məğlub olan "Zirə" bu dəfə növbəti paytaxt derbisində "Zirə" ilə üz-üzə gələcək. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər üç duelində meydan sahibi olan tərəfə qalib gəlib. Bir sözlə, "Zirə"nin iki, "AZAL-ın bir qələbəsi var. "Təyyarəçilər"in yeganə ev oyununda isə cəmi 1 qol vurulub. Top fərqi də zirəlilərin xeyrinədir - 5:3. Statistik ənənə davam etsə, AZAL-ın Şüvəlanda qələbə qazanacağını demək olar. Tərlan Əhmədovun komandası son məğlubiyyəti unutdurmaq, Avropa Liqasına vəsiqə şanslarını saxlamaq üçün buna məcburdur. Amma Adil Şükürovun komandası da səfərə məğlub olmaq üçün getməyəcək. Şübhəsiz ki, ikinci pillənin sahibi olan "Zirə" də son turdakı "Qəbələ" darmadağınını unutdurmaq üçün səy göstərəcək.

Bu oyunla eyni saatda Gəncədə "Kəpəz" "Neftçi"ni qəbul edəcək. Bu komandalar arasında indiyə qədər 41 çempionat matçı baş tutub ki, onların 16-də gəncəlilər, 19-da bakılılar qələbə qazanıblar. Yeddi qarşılaşmada heç-heçə qeydə alınıb. "Ağ-qaralar" top fərqində də öndədirlər - 65:40. “Kəpəz” son 3 matçda uduzmayıb. “Neftçi” 14 ildir səfərdə məğlub olmur. 7 ev matçında qalib gəlməyən Gəncə təmsilçisi sonuncu dəfə 2002-ci ildə qonaqları məğlub edib. Cari mövsümdə baş tutan görüşlərə gəlincə, Gəncədəki ilk oyunda 1:1 hesabı qeydə alınıb. Bakıdakı ilk oyunda da qalib müəyyən olunmamışdı - 0:0. Amma üçüncü dövrənin oyununda "Kəpəz" bu rəqibini 3:2 hesabıyla məğlub edə bilmişdi. Bu dəfə isə qələbə daha çox bakılılara lazımdır. Vəli Qasımovun komandası son turda AZAL-a qalib gəlməklə bu rəqibi ilə aradakı xal fərqini ikiyə endirib və indi növbəti qələbəsini qazanmaqla bir pillə qalxmaq istəyir. Lakin "Kəpəz" də doğma meydanda məğlub olmamağa çalışacaq. Gəncəlilər Avropa Liqasına vəsiqəni təmin etsələr də, medallar uğrunda mübarizəni davam etdirirlər.

Medallar uğrunda mübarizə aparan digər komanda - "İnter" bu tur "Xəzər Lənkəran"ı qəbul edəcək. Bu, komandaların 36-cı oyunu olacaq. Əvvəlki 35 oyundan 14-də bakılılar qalib gəlibsə, cəmi 6 görüşdə cənublular qələbə sevinci yaşayıblar. Daha 15 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də "bankirlər"in xeyrinədir - 40:29. Rəqiblərin son 4 matçında qol vuran komanda qalib gəlir. “İnter” son 4 ev oyununda 2 və ya daha çox top fərqi ilə qalib gəlib. Rəqib meydanında 7 oyundur qalib gəlməyən “Xəzər Lənkəran” 5 ildir səfərdə 3 xal əldə etmir. Cari mövsüm baş tutan oyunlara gəlincə, cənublular ilk dövrədə paytaxt klubuna iki cavabsız qolla qalib gəlmişdilər. Amma son iki dövrədə "İnter" qalib gəlib - 2:0, 1:0. Elə bu oyunda da bakılıların qələbə qazanacağına şübhə edən demək olar ki, yoxdur. Son turda "Kəpəz"ə böyük hesablı ev məğlubiyyətindən sonra istefa verən Elbrus Məmmədovu əvəzləyən Ağadadaş Həmidov üçün bu oyun cənubluların sükanı arxasında debüt matçı olacaq.

Son pillədən yaxa qurtarmağa çalışan "Rəvan" isə bu dəfə "Sumqayıt"ın qonağı olacaq. Tərəflərin əvvəlki 15 oyunundan 3-də sumqayıtlılar, 6-da bakılılar qalib gəlibsə, 6 oyunda da heç-heçə qeydə alınıb. Top fərqi də "Rəvan"ın xeyrinədir - 20:17. Son 7 görüşdə meydan sahibi olan komanda qalib gəlməyib. “Sumqayıt” son 6 matçda uduzmayıb. Cari mövsümkü ilk iki oyunda heç-heçə qeydə alınıb - 0:0, 3:3. "Rəvan"ın meydanında baş tutan son qarşılaşmada isə "Sumqayıt" 2:1 hesablı qələbəyə sevinib. Bu klubların bu dəfəki duelinin də maraqlı mübarizəyə səhnə olacağı gözlənilir.

Nəhayət, turun qapanış matçında çempionluğu təmin etmiş "Qarabağ" mükafatlar uğrunda mübarizə aparan "Qəbələ"ni qəbul edəcək. Klubların əvvəlki 31 oyunundan 14-də ağdamlılar seviniblər. 10 oyunda heç-heçə qeydə alınıbsa, yalnız 7 qarşılaşmada qəbələlilər 3 xalı bayram ediblər. Top fərqi də Ağdam klubunun lehinədir - 42:29. “Qarabağ” son 4 oyunda bu rəqibinə məğlub olmayıb. Qonaq komanda olan tərəf 5 matçdır uduzmur. “Qəbələ” 6 görüşdür meydanı qolsuz tərk etmir. Son 4 görüşdə hər iki komanda qol vurub. Cari mövsümdəki görüşlərə gəlincə, ilk iki dövrədə heç-heçə qeydə alınıb - 2:2, 1:1. Yalnız son dövrədəki oyunda "Qarabağ" Qəbələ səfərindən 2:1 hesablı qələbə ilə qayıdıb.

Topaz Premyer Liqası
34-cü tur
11 may (çərşənbə)

16:00. AZAL - “Zirə”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. "AZAL Arena".

16:00. “Kəpəz” - “Neftçi”
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abas Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Gəncə şəhər stadionu.

17:00. “İnter” - “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “İnter Arena”.

18:00. “Sumqayıt” - “Rəvan”
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Sumqayıt. “Kapital Bank Arena”.

19:00. “Qarabağ” - “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Masazır. “Əlincə Arena”.

Bombardirlər:
14 - Nelson Bonilya ("Zirə").
12 - Dani Kintana ("Qarabağ").
11 - Ruslan Qurbanov ("Neftçi").

Xəbər 671 dəfə oxundu.