Beynəlxalq Avtomobil Federasiyasının rəsmisi: Bakı “Formula-1” Qran-prisinə hazırdır
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq iyunun 17-19-da Bakıda keçiriləcək “Formula-1” yarışından əvvəl trekdə görülən hazırlıq işlərinin gedişini yoxlamaq üçün ölkəmizdə səfərdədir.

Çarli Vaytinqin rəhbərliyi ilə FİA nümayəndə heyəti Bakı Şəhər Halqasına baxış keçirib. Trekin “Formula-1”in şəhər yarışına hazırlıq səviyyəsini öyrənmək üçün keçirilən baxış zamanı yol və onun ətrafında quraşdırılmış obyektlərin keyfiyyəti yoxlanılıb. “Formula-1” yarış təqvimindəki ən yeni treki ətraflı yoxlayan Çarli Vaytinq trasın hazırlığından razı qaldığını bildirib.

Bakı Şəhər Halqasının memarı Herman Tilkenin də müşayiət etdiyi yoxlanış zamanı Çarli Vaytinq “Formula-1”in ən yeni şəhər trekinin bütün cəhətlərini, o cümlədən əzəmətli Hökumət evinin qarşısında yerləşən “Paddok” ərazisini və pit yolunu, həmçinin yaxında 2016-cı il “Formula-1” üzrə Avropa Qran-prisinin rəmzinə çevriləcək İçərişəhər divarları boyunca 8-ci dövrədən başlayaraq 11-ci dövrəyədək davam edən 7,6 metrlik genişliyə sahib yoxuşlu dar küçəni də yoxlayıb. Eyni zamanda, qonaq trekin yarışın üz-üzə, iki istiqamətdə davam edəcəyi hissəsində də olub. Bakının ecazkar mənzərəsinə sahib dənizkənarı bulvar boyunca finiş xəttinə tərəf uzanan həmin hissədə bolidlərin sürətinin maksimal həddə - saatda 340 kilometrə çatacağı gözlənilir.

Bakı Şəhər Halqası ilə əlaqədar apardığı müşahidələrdən sonra Çarli Vaytinq bildirib ki, iyunda keçiriləcək Avropa Qran-prisindən əvvəl hər şey qaydasındadır: “Bakı Şəhər Halqası yarışa vaxtında tam hazır olacaq. Siz trekin və onun ətrafında quraşdırılmış bütün obyektlərin yüksək keyfiyyətinə əmin ola bilərsiniz. Bakıya növbəti səfərim iyunun əvvəlində olacaq və inanıram ki, həmin səfər zamanı bu trekin yarış üçün tam hazır olduğunu bəyan edə biləcəyəm. Burada “Formula-1” yarışı çox gözəl keçiriləcək. Trekin 8-ci döngəsindən 12-ci döngəsinədək olan hissəsində yarış çox maraqlı olacaq. 12-15-ci döngələrdə bolidlər yüksək sürətlə hərəkət edəcəklər və 15-ci döngəyə yaxınlaşdıqca yarışın həyəcanı daha da artacaq”, - deyə Çarli Vaytinq deyib.

FİA rəsmisi azarkeşlərə də müraciət edib: “Bakıya gəlmək istəyənlərə sözüm odur ki, siz mütləq bu şəhərdə olmalısınız. Bakı ecazkar şəhərdir. Mən burada dəfələrlə olmuşam və ünsiyyət qurduğum hər kəsdən böyük qonaqpərvərlik görmüşəm. Bakı həqiqətən də nadir yarışa səhnə olacaq”.

“Formula-1” üzrə Avropa Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov FİA rəsmisinin treklə bağlı görülən işləri müsbət qiymətləndirməsindən məmnun qaldığını bildirərək deyib: “Çarli Vaytinqin Bakı Şəhər Halqasına bugünkü səfəri ərəfəsində hazırlıqlarla bağlı səsləndirdiyi müsbət rəyə görə çox şadıq. Biz əmin idik ki, FİA heyəti indiyədək gördüyümüz işlərdən çox razı qalacaq və bu gün bunun şahidi olduq. Bu rəy bizim komandada olan hər bir kəs üçün qürur mənbəyidir. Biz bu işi sonadək ən yüksək səviyyədə davam etdirməyə çalışacağıq ki, Çarli Vaytinq iyunun əvvəlində baş tutacaq növbəti səfərində Bakı Şəhər Halqası “Formula-1” yarışını keçirməyə tam hazır olduğunu əminliklə deyə bilsin. Biz bunun reallaşacağına tam inanırıq və var gücümüzlə çalışmağa davam edəcəyik ki, bu yarış, tribunalarda olan və ekran qarşısında əyləşən hər bir azarkeş üçün yaddaqalan və möhtəşəm olsun”.

Xəbər 664 dəfə oxundu.