Azərbaycan millisi su polosu üzrə “Prezident kuboku” turnirinə qələbə ilə başlayıb
Mayın 5-də Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş su polosu üzrə “Prezident kuboku” üzrə ənənəvi beynəlxalq turnirin ilk günündə Azərbaycan millisi böyük hesablı qələbə qazanıb.

Moldova millisi ilə qarşılaşan su poloçularımız 16-5 hesabı ilə qalıb gəliblər.

Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib ki, Azərbaycan vaterpolçuları dörd raund ərzində rəqibə şans verməyərək gözəl oyun nümayış etdiriblər.

Turnirin digər qarşılaşması isə Rumıniya və İsveç yığmaları arasında keçirilib. Qarşılaşmada rumınlar isə İsveç yığmasından güclü olublar 19-5.

Turnirin ikinci günü isə Azərbaycan millisi İsveç yığması ilə mübarizə aparacaq. Azərbaycan millisi bu oyunda da qalıb gələcəyi təqdirdə su polosu üzrə U-19 Avropa çempionatının seçmə mərhələsinə vəsiqə qazanacaq. Mayın 6-da digər qarşılaşma isə Rumıniya-Moldova komandaları arasında olacaq.

Bu turnirə çox ciddi hazırlaşdıqlarını deyən su polosu üzrə Azərbaycan millisinin baş məşqçisi Azər Babayev jurnalistlərə açıqlamasında bildirib: “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Prezident kuboku” üzrə ənənəvi beynəlxalq turnir olduqca mötəbər yarışdır, həm də su polosu üzrə U-19 Avropa çempionatının seçmə mərhələsinin kvalifikasiya turniridir. Bu yarışda ilk iki yerdən birini qazana bilsək su polosu üzrə U-19 Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacağıq. Əgər bacarsaq bu, Azərbaycan su polosu tarixində böyük nailiyyət olacaq. Bu gün Moldova millisinə qalib gəlməklə bu istiqamətdə vacib addımlardan birini atdıq. Digər qarşılaşmalara da yalnız qələbə üçün çıxacağıq”.

Xəbər 556 dəfə oxundu.